Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir

29 yanvar 2015 | 16:00

29 yanvar 2015-ci il tarixində 201 №-li məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.

Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, qəbul olunmuş dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində bir çox problemlərin öz həllini tapdığını qeyd edərək,  Keşlə qəsəbəsində də əhalini narahat edən məsələlərin aradan qaldırılması və onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü söylədi. Sonra T.Budaqov 2014-cü ilin yekunları ilə bağlı qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat vermək üçün sözü Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyevə verdi.

Q.Qarakişiyev məruzəsində ötən il qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işlərinin aparıldığını, sakinlərin üzləşdikləri sosial problemlərin əksəriyyətinin aradan qaldırıldığını, əhalinin qaz, elektrik enerjisi, içməli su ilə təminatının xeyli yaxşılaşdırıldığını qeyd etdi. O, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda Keşlə qəsəbəsi üzrə nəzərdə tutulmuş işlərin uğurla yerinə yetirildiyini, qəsəbədaxili yolların asfaltlaşdırıldığını, ensiz küçələrin genişləndirildiyini, müasir avtobus dayanacaqlarının quraşdırıldığını, qəsəbədə 570 yerlik xeyir-şər evi, poçt şöbələri üçün yeni binalar və s. obyektlərin istifadəyə verildiyini söylədi. Eyni zamanda, H.Əliyev prospektində “Şəfa” stadionunun  qarşısında tikintisi aparılan  böyük yol  qovşağının və yeraltı keçidin  artıq tamamlanaraq P.Fərzəliyev küçəsində yaşayan  sakinlərin istifadəsinə verildiyini, hazırda Y.Səfərov küçəsində  11 saylı  Birləşmiş  Şəhər Xəstəxanasının və Təcili Yardım  şöbəsinin, Sabir küçəsində  ikimərtəbəli yeni müasir tipli  ATS və poçt şöbəsinin, 328 saylı məktəbin qarşısında 100 yerlik uşaq bağçasının tikintisinə başlandığını və bu işlərin 2015-ci ilin sonuna qədər yekunlaşdırılacağının nəzərdə tutulduğunu söylədi. Həmçinin ötən il ərzində xidmət sahələri tərəfindən qəsəbənin müxtəlif ünvanlarında qaz xətlərinin çəkildiyini, qəsəbə ərazisində 1120 ədəd mexaniki tipli sayğacın “Smart-kart” tipli sayğaclarla  əvəz olunduğunu, P.Fərzəliyev küçəsində  bütün elektrik xətlərinin kabelləşdirildiyini və 400 kv-luq yeni transformator qoyulduğunu, kanalizasiya  xətlərində mütəmadi olaraq yerüstü yoxlamaların aparıldığını, kanalizasiya  baxıcı quyuların və yağış  barmaqlıqlarının təmizləndiyini, sıradan çıxmış qapaqların və barmaqlıqların isə dəyişdirildiyini qeyd etdi.

Eyni zamanda 2014-cü ildə Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı tərəfindən  bir sıra tədbirlər və  görüşlərin təşkil olunduğunu, xeyirxah  aksiyaların  həyata keçirildiyini, “Qurban” və “Novruz” bayramlarında qəsəbədə şəhid ailələri, Qarabağ əlilləri və iştirakçılarına, kimsəsiz və imkansızlara yardım verildiyini, Ramazan bayramında iftar süfrələri təşkil olunduğunu diqqətə çatdırdı.

Sonra məruzə ətrafında millət vəkilləri – Sədaqət Vəliyeva, Rasim Musabəyov, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, 201 saylı məktəbin direktoru Süsən Salmanova, Keşlə qəsəbə sakini Tahirxan Bayramov çıxış etdilər.

Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıqlarını verdi.

Keçidlər