Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayon məktəbliləri arasında keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

01 noyabr 2016 | 16:00
01 noyabr 2016-cı il tarixində 12 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti "Gənclərin Tənhalara Dayaq" İctimai Birliyi ilə birgə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələri üzvləri ilə görüşlərinin təşkili” layihəsi çərçivəsində  tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan "Gənclərin Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova  layihə haqqında məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihə vasitəsilə milli qəhrəmanlarımızın və şəhidlərimizin şərəfli döyüş yolu haqqında veriləcək məlumatlar  yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında böyük rol oynayacaqdır.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz  İsrafilova çıxış edərək bildirib ki, vətənpərvərlik şəxsiyyəti səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğu üçün onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvər  ruhda  tərbiyə olunması və xüsusilə təhsil müəssisələrində təbliğ olunması xalqımızın gələcəyi üçün həyatı önəm daşıyır. Natiq tərəfindən qeyd edilib ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ edilməsi və onların xalqımıza sədaqət ruhunda tərbiyələndirilməsindən ibarətdir.
Tədbirdə çıxış edən 12 №li tam orta məktəbin direktoru Əli Alıyev bildirib ki, bu kimi tədbirlər yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda böyümələrinə, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına mühüm töhfə verəcəkdir.
Daha sonra 129 №li tam orta məktəbin 11b sinif şagirdi Nəzrin Mirzəzadə və 229 №li tam orta məktəbin 10g sinif şagirdi İlahə Nəsirova da  çıxış edərək tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüblər.
İnşa müsabiqəsində Bakı şəhərinin Nizami rayonu üzrə qalib seçilən 25 şagirdinə diplomlar təqdim olunub. Qeyd edək ki,müsabiqədə 1-ci yeri 129 №li tam orta məktəbin 11b sinif şagirdi  Mirzəzadə Nəzrin Niyazi qızı, 2-ci yeri 12 №li tam orta məktəbin 10d sinif şagirdi Dadaşova Firuzə Aqil qızı və 3-cü yeri isə  227 №li tam orta məktəbin 10b sinif şagirdi Sadıqova Nübar Şahin qızı tutublar.
Sonda isə tədbir iştirakçıları ilə mövzu ətrafında diskussiya aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

 

Keçidlər