Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkomanlığa qarşı mübarizə hər birimizin borcudur!” adlı ümumrayon tədbiri keçirilib

08 dekabr 2016 | 16:00
08 dekabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə illik Tədbirlər Planına əsasən Rayon Polis İdarəsi ilə birgə “Zəngi” liseyində yuxarı sinif şagirdlərinin, məktəb psixoloqlarının, müəllim və valideynlərin iştirakı ilə  “Narkomanlığa qarşı mübarizə hər birimizin borcudur!” adlı ümumrayon yekun tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova 2016-cı ilin ötən dövrü ərzində bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, keçirilmiş maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulamış və yeniyetmə-gənclərin sağlam  ruhda böyümələri və tərbiyə almaları yönümündə bundan sonra da keçiriləcək işlərin intensivliyinin daha da artırılmasının zəruriliyini önə çəkmişdir. G.İsrafilova  qeyd etmişdir ki, komissiya tərəfindən narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanlarla bağlı xüsusi tədbirlər keçirilmiş, bu sahədə yerli bələdiyyə, polis orqanları, təhsil müəssisələri, əmək kollektivləri ilə əlaqələr genişləndirilmiş, birgə fəaliyyət planı tərtib edilmişdir. Məktəblərdə çətin tərbiyə olunan və dərsdən yayınan uşaqların qeydiyyatı aparılmış, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən uşaq sahə inspektorları cəlb edilməklə  bu kateqoriyadan olan uşaqlarla həm fərdi qaydada, həm də valideynlərinin iştirakı ilə profilaktik söhbətlər aparılmış, həmin uşaqlara müəllimlər təhkim olunmuşdur. Bunlardan əlavə, rayonun 24 və 25-ci polis bölmələrində yaradılmış “Hüquq qaydalarının təmini üzrə İctimai Şura” tərəfindən şəhər Narkoloji Dispanserinin həkimləri cəlb edilməklə məktəblərdə tədbirlər təşkil edilmiş, münaqişəli ailələr və çətin tərbiyə olunan uşaqlarla profilaktik maarifləndirmə işləri aparılmışdır. Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur və gələcəyimiz naminə narkomaniyaya yox deyək, sağlam həyat tərzini seçək. Hər bir məktəblini, yeniyetmə - gənci bizim çağırışa qoşulmağa dəvət edirik. Komissiya sədri tərəfindən eyni zamanda məktəb psixoloqlarına da bir sıra tövsiyələr verilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova çıxış edərək məktəbliləri zərərli vərdişlərdən uzaq durmağa çağırmış və bildirmişdir ki, istər narkomanlıq, istərsə də siqaretçəkmə və ya da alkoqolizm insan orqanizminə sağalmaz yaralar vurur. Bu neqativ amillərlə hər zaman mübarizə aparın, sağlam həyat tərzi seçin, çünki sağlam həyat tərzi  sağlam ruh və sağlam mənəviyyat deməkdir.
Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Vəfa Əliyeva tədbirdə çıxış etmiş və bildirmişdir ki, narkomaniya  sakit ölümdür. Onunla hər dəqiqə və vaxtında mübarizə aparmaq lazımdır. Bu sahədə ilk növbədə aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Eyni zamanda ictimai nəzarət də çevik və əlaqəli şəkildə qurulmalıdır. Məktəb-ailə əlaqələrinə xüsusi diqqət verilməli, uşaq-yeniyetmənin tərbiyəsi hər iki tərəfdən bir-birini tamamlamalıdır. Psixoloqlar işi gücləndirməli, hər uşaq haqqında məlumat bankı olmalıdır. Şagirdlərdə müşahidə olunan və şübhə doğuran hallar aşkarlanarsa, dərhal valideynlərlə birgə lazımi tədbirlər görülməlidir. Bu sahədə Narkoloji Dispanserin həkimlərindən müvafiq köməkliklər ala bilərsiniz.
Tədbirin sonunda 328 №-li məktəbin şagirdlərinin hazırladıqları “Biz həyatı seçirik!” tamaşası nümayiş olunmuş, həmçinin narkomaniyanın fəsadlarından bəhs edən video-çarx göstərilmişdir. 

 

 

Keçidlər