Şriftin ölçüsü :

Saytın rəngi :

Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

27 yanvar 2017 | 16:00
27 yanvar 2017-ci il tarixində 201 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şura üzvləri, xidmət sahələrinin rəhbərləri, Keşlə bələdiyyəsinin üzvləri və Keşlə qəsəbə sakinləri iştirak etmişlər.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev açaraq 2016-cı ildə Keşlə qəsəbəsində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.
Q.Qarakişiyev qəsəbədə abadlıq işləri aparıldığını, D.Aslan, 1-ci Köndələn, Sabir, Puşkin, Zakir, P.Fərzəliyev, Yenikənd, N.Abdullayev, T.Bədəlov, Q.Sadıx, A.Mirzəyev  küçələrinə  ümumilikdə 21300 kv.m. asfalt örtüyü vurulduğunu, 2000-ə  yaxın yeni yaşıl bəzək kolları əkildiyini, Sabir küçəsində  ikimərtəbəli  ATS binasının Keşlə qəsəbə sakinlərinin istifadəsinə verildiyini, 328 saylı məktəbin qarşısındakı 100 yerlik uşaq bağçasının tikintisinin davam etdirildiyini və bu işlərin 2017-ci ilin birinci yarımilliyində  tamamlanmasının nəzərdə tutulduğunu, qəsəbə ərazisində sahibkarlar tərəfindən müxtəlif istehsal sahələrinin, iaşə və ticarət  obyektlərinin inşa edildiyini diqqətə çatdırdı. Həmçinin, qaz, su və elektrik təchizatı istiqamətində görülən işlər barədə, o cümlədən il ərzində qəsəbədəki küçələrdə, yaşayış evlərində, idarə və təşkilatlarda  kanalizasiya xətlərində yaranmış qəzaların aradan qaldırıldığını söylədi. Bundan əlavə, 2016-2017-ci illərin payız-qış  mövsümünə hazırlıqla bağlı qəsəbə sakinlərinin elektrik enerjisi və təbii qazla  təminatında heç bir ciddi problemlərin yaranmaması üçün Keşlə qəsəbə nümayəndəliyinin xidmət sahələrinin rəhbərləri ilə birlikdə müvafiq  tədbirlər həyata  keçirdiyini bildirdi.
Q.Qarakişiyev qəsəbə ərazisində qanunsuz küçə ticarətinin və özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində də xeyli işlər görüldüyünü və hazırda bu məsələlərin nəzarətdə saxlanıldığını, aşkar olunan qanun pozuntularının  aradan qaldırılması üçün  müvafiq tədbirlərin həyata keçirdiyini nəzərə çatdırdı.
Qəsəbə daxili və ətraf ərazilərin sanitar vəziyyətinin  yaxşılaşdırılması, süni surətdə yaranmış zibilliklərin təmizlənməsi və abadlıq  işlərinin görülməsi məqsədilə nümayəndəlik tərəfindən il ərzində iməciliklər təşkil edildiyini və süni yaradılmış zibilxanaların ləğv edildiyini söylədi.
Q.Qarakişiyev görülən işlərlə yanaşı qarşıda duran problemləri qeyd edərək,  Zakir küçəsində diametri 600 mm-lik olan istismara yararsız su xəttinin dəyişdirilməsi, P.Fərzəliyev küçəsində “Depo”nun qarşısındakı evlərin kanalizasiya  xətlərinin mərkəzi kollektora birləşdirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman kompleksinin  tikintisi kimi işlərin vacibliyini diqqətə çatdırdı.
Sonra məruzə ətrafında millət vəkili Sədaqət Vəliyeva, Rayon Sukanal İdarəsinin mühəndisi Anar Quliyev, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, 201 saylı məktəbin direktoru Süsən Salmanova, Keşlə sakini Tahirxan Bayramov çıxış etdilər.
Yığıncaqda Keşlə qəsəbə sakinlərini narahat edən problemlər səsləndirildi və onların həlli istiqamətində aidiyyəti təşkilatlara müvafiq göstərişlər verildi.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Keçidlər