Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd edildi

13 fevral 2017 | 16:00
13 fevral 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Milli Məclisi deputatı Sədaqət Vəliyeva iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gördüyü işləri əks etdirən video-çarx nümayiş etdirildi.
Tədbirin aparıcısı Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığını, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2017-ci il tarixli Sərəncamına əsasən xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon  idarəsinin rəisi polkovnik Eldar Tağıyevin “Hərbi Xidmətlərə görə“  medalı ilə təltif edildiyini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə Xidmətin rəisi, general-leytenant Arzu Rəhimovun müvafiq əmrləri ilə Nizami rayon İdarəsinin hərbi qulluqçuları və işçilərinin mükafatlandırıldıqlarını qeyd etdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi, polkovnik Eldar Tağıyev 5 il ərzində SHXÇDX Bakı Şəhəri Nizami rayon idarəsi tərəfindən görülən işlərdən söz açaraq, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıq istiqamətində əhəmiyyətli nəticələr əldə olunduğunu vurğulayaraq  səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülmüş işlərdən söz açdı.
Dövlət Təhlükəsizlik Xidmətinin Nizami rayon İdarəsinin rəisi Araz Əhmədov, 220 nömrəli məktəb-liseyin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Mübariz Məmmədov Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə mütəmadi olaraq keçirilən ictimai tədbirlərin əhəmiyyətini xüsusi vurğuladılar.
Şəhid ailəsi Yasəmən Şahverdiyeva və  Qarabağ müharibəsi veteranı Qəhrəman Qasımov ölkədə gənclərin vətənpərvər, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmasına, xalqımızda Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda canından keçməyə hazır olmaq hisslərinin formalaşdırılmasına çox böyük diqqət verildiyini söylədilər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, Dövlət Xidmətinin bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi. A.Qasımov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün əməkdaşlarını 5 illik yubiley münasibətilə təbrik etdi, onlara şərəfli işlərində uğurlar arzuladı.
Çıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin bir qrup əməkdaşı, şəhid İbrahimov Zakir Sabir oğlunun həyat yoldaşı Yasəmən Şahverdiyeva və Qarabağ müharibəsi veteranı Qəhrəman Qasımov mükafatlandırıldılar. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəisi, polkovnik Eldar Tağıyevə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai" medalı təqdim edildi.
Tədbir Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” vokal qrupu və dərnək üzvü Zeynalabdin Bağırzadənin çıxışı ilə sona çatdı.

Keçidlər