Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib

17 mart 2017 | 16:00
17 mart 2017-ci il tarixində Heydər bağı – park bulvarda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Bayram şənliyində rayonun idarə, müəssisə və təşkilatlarının, təlim-tərbiyə və məktəbdənkənar müəssisələrinin kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.
Dədə Qorqudun rayon əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbriki və xeyir-duası ilə başlayan şənlikdə milli geyimli qızlar və oğlanlar yallı gediblər.
Sonra Qaraca Çobanın müşayiəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bayram tonqalını alovlandırıb.
Bayram şənliyində Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar təlim-tərbiyə və məktəbdənkənar müəssisələrinin və Yaradıcılıq Mərkəzinin hazırladıqları milli folklor nümunələrinə, dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə baharın gəlişini, torpağın oyanışını əks etdirən əl işləri, Novruz xonçaları, səmənilər, Novruz bayramının rəmzi olan şirniyyat nümunələri nümayiş etdirilib.
Şənlikdə həmçinin rayonun məktəb və uşaq bağçaları ayrı-ayrılıqda hazırladıqları rəngarəng proqramlarla çıxış ediblər.
Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə, kəndirbaz və idmançılar müxtəlif nömrələrlə şənliyə xüsusi zövq qataraq tədbir iştirakçılarında xoş ovqat yaradıblar.
Bayram şənliyi Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin konsert proqramı ilə sona çatıb.

Keçidlər