Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

12 iyun 2017 | 16:00

12 iyun 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığını görən xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda yenidən böyük siyasətə qayıtdığını və bu qayıdışın ümid və sevinclə qarşıladığını, həmin günün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazıldığını qeyd edib. S.Vəliyeva Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını diqqətə çatdırıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. V.Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və ulu öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. V.Rəhimzadə bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını qeyd edib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov 15 iyun tarixinin xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunduğunu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunduğunu nəzərə çatdırıb. S.Orucov qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını vurğulayıb. S.Orucov Azərbaycan xalqının öz xilaskarının xidmətlərini unutmadığını və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini söyləyib.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini söyləyən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz ulu öndərin adı ilə bağlı olduğunu bildirib. A.Qasımov qeyd edib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Ulu öndərin qayıdışı ilə beynəlxalq əlaqələrdə dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmış, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələr yaradılmış, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdır.
Tədbirin sonunda IV İslam Həmrəyliyi Oyunlarında qalib olan rayon idmançıları Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.

Keçidlər