Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” adlı tədbir keçirilib

10 iyun 2017 | 16:00

10 iyun 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 238 saylı orta məktəbdə 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” mövzusunda vətənpərvərlik tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şəhid Namiq Həmzəyevin büstünü ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilmiş rəsm sərgisi ilə tanış olublar, şagirdlərin hazırladıqları flaşmoba tamaşa ediblər.
Akt zalında davam edən tədbir Dövlət Himninin səslənməsi və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, YAP-ın gənc fəalı Səbinə Novruzzadə və başqaları deyiblər ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və ona dayaq olan bir insan - Heydər Əliyevdir.
Bildirilib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamını özünə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb. Çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Çıxışlardan sonra tədbir ədəbi-bədii hissə ilə davam etdirilib və şagirdlərə sertifikatlar təqdim edilib.

Keçidlər