Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci və Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirilib

18 oktyabr 2017 | 16:00
18 oktyabr 2017-ci il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunda Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə YAP-ın yaranmasının 25-ci və Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə tədbir keçirib.
Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“25 il xalqa və dövlətçiliyə xidmət” adlı videoçarxın nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu gün Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiya olduğunu, cəmiyyətdə özünəməxsus aparıcı yer tutduğunu söyləyib. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı olduğunu qeyd edən S.Vəliyeva Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yarandığını, bu gün isə rayon təşkilatının sıralarının sürətlə genişləndiyini və hazırda 143 ərazi ilk partiya təşkilatında 13 mindən çox insanın birləşdiyini diqqətə çatdırıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının ölkənin son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yarandığını, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildiyini və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinin qəbul edildiyini, ümummilli liderin yekdilliklə partiyanın sədri seçildiyini söyləyib.  
“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycanın onun müəyyən etdiyi strateji xəttlə inamla irəlilədiyini və inkişafını davam etdirdiyini vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini söyləyib. Natiq YAP-ın amalının xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarət olduğunu, ötən 25 il ərzində partiyanın bu yolda uğurlu fəaliyyət göstərdiyini bildirib. Bu gün YAP-ın ölkəmizin ən güclü və qüdrətli siyasi təşkilatı olduğunu vurğulayan natiq, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın xalqımız tərəfindən daim dəstəkləndiyini qeyd edib.
Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyasının xalqın böyük əksəriyyətinin etimadını qazandığını və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrildiyini söyləyən E.İsmayılov bu gün cənab Prezident İlham Əliyevin YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, ulu öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 minə qədər insanı toplaya bildiyini, bunun isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut etdiyini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin doğma, müstəqil dövlətimizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur. Qəlbimizdə daim yaşayacaq ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiləşdirilməsi yolunda rayon təşkilatının hər bir üzvü öz səy və bacarığını əsirgəməyəcək.
Sonda partiyaya yeni üzv qəbul edilənlərə vəsiqələr, partiya işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin məzunlarına sertifikatlar təqdim edilib. 

Keçidlər