Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

15 noyabr 2017 | 16:00
15 noyabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayonun idarə, müəssisə, təşkilat və təhsil ocaqlarının rəhbərləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov açaraq ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərindən, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və düşünülmüş strategiyası nəticəsində respublikamızın dinamik sosial-iqtisadi inkişafından danışıb. A.Qasımov məktəblilərin sağlam ruhda böyüməsi və tərbiyə alması üçün respublikamızda hər cür şəraitin yaradıldığını, gənclər siyasətinin dövlət siyasətinin tərkib hissəsi olmaqla prioritet sahələrdən birinə çevrildiyini qeyd edib. Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adı altında keçirilən tur-aksiyanın əhəmiyyətindən danışaraq, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini söyləyib. Eyni zamanda, məktəblilərin Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olacağını və gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaradacağını bildirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tur aksiyalar barədə geniş məlumat verərək, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiyanın təşkil edildiyini, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəblinin iştirak etdiyini, cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirak edəcəyini və ümumilikdə tur-aksiya iştirakçılarının sayının 17 minə çatacağını diqqətə çatdırıb. 16 noyabr 2017-ci il tarixində 8-ci tur-aksiyada rayon məktəblərinin ən qabaqcıl, fəal 40 şagirdinin Lənkəran-Masallı-Astara bölgələrinə yola salınacağını qeyd edib.
G.İsrafilova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqətindən, hər il ölkə vətəndaşlarının pulsuz müayinələrə cəlb olunmasından, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısından danışıb, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, ölkəmizdə siyasi-sabitliyin qorunub saxlanması, Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olması, gənclərin dini-xurafata meyllənməməsi, onların intellektual səviyyəsinin yüksəldilməsi barədə məlumat verib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq, təşkil edilən bu aksiyanın məktəblilərin tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl bir fürsət  olduğunu və ölkəmizdə dövlətinə, xalqına, milli-mənəvi dəyərlərinə bağlı savadlı, vətənpərvər bir nəslin yetişdiyini qeyd edib.
"Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, “Zəngi” liseyinin XI sinif şagirdi, Vüsal Aslanlı və 129 №-li orta məktəbin X sinif şagirdi Rəhiməxanım Nərimanzadənin valideyni Faizə Əzimova belə bir tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Lənkəran-Masallı-Astara bölgələrinə səyahətin məktəblilərin  ölkəmizin cənub bölgəsi haqqında biliklərini zənginləşdirəcəyini, onlara yeni dostlar qazandıracağını söyləyiblər.
Görüşə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımov tur-aksiya iştirakçılarına yaxşı yol arzulayıb, bu tur-aksiya çərçivəsində keçirilən bütün tədbirlərdə onların öz fəallıqları ilə seçiləcəklərinə ümid etdiyini bildirib, ən əsası doğma Azərbaycanımızın yeni bir dilbər guşəsi ilə yaxından tanış olacaqlarını qeyd edib.

Keçidlər