Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “20 Yanvar” şəhid ailələri və əlilləri ilə görüş keçirilib

17 yanvar 2018 | 16:00
17 yanvar 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələri və əlillərlə görüş keçirilib.
İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin müdhiş gecədə həlak olan vətən oğullarının xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını diqqətə çatdırıb. Qanlı 20 yanvar faciəsinin bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldığını və Azərbaycan xalqının öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon filialının sədri Məhi Mehtiyev, Respublika “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovetlər İttifaqının qoşun hissələrinin yeridildiyini, dinc əhaliyə divan tutulduğunu, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü bildiriblər. Natiqlər Azərbaycan xalqının faciəli gecədə hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıblar. 20 Yanvarın milli matəm, hüzn günü kimi qeyd edildiyini, eyni zamanda müdhiş gecənin həm də iftixar hissi ilə xatırlandığını söyləyən natiqlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə, 20 Yanvar hadisələrinin əsl mahiyyətinin məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə araşdırıldığını, hadisəyə hüquqi-siyasi qiymət verildiyini, cinayəti törədənlərin adlarının ictimaiyyətə açıqlandığını bildiriblər.
Natiqlər 20 yanvarda həlak olmuş şəhidlərin ailələri və əlillərin Azərbaycan dövlətinin daim qayğı və diqqətində olduğunu, yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Tədbirdə bu il 20 Yanvar hadisələrinin 28-ci ildönümünün qeyd edildiyi, igid övladların fədakarlığının xatırlandığı, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyi, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının  xalqımız üçün müqəddəs bir and yeri olduğu diqqətə çatdırılıb və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanıb.
Tədbirin sonunda  Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar şəhid ailələrinə və əlillərinə maddi köməklik göstərilib.

 

 

Keçidlər