Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı qeyd edilib

19 mart 2018 | 16:00
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur.
Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcı, ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. 
Bütün ölkədə olduğu kimi, Nizami rayonunda da Novruz bayramı qeyd edilib, təhsil və mədəniyyət ocaqlarında, məktəbəqədər müəssisələrdə bayram münasibətilə tədbirlər keçirilib.
19 mart 2018-ci il tarixində Heydər bağı – park bulvarda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Bayram şənliyində Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil və səhiyyə ocaqlarının, məktəbəqədər müəssisələrin kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.
Bahar qızı Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri rəqs proqramı ilə çıxış ediblər.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bayram tonqalını alovlandırıb.
İcra Hakimiyyətinin başçısı və qonaqlar rayonun təlim-tərbiyə müəssisələrinin hazırladıqları milli folklor nümunələrinə, dekorativ-tətbiqi sənət və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sərgidə baharın gəlişini, torpağın oyanışını əks etdirən əl işləri, Novruz xonçaları, səmənilər, Novruz bayramının rəmzi olan şirniyyat nümunələri nümayiş etdirilib.
Şənlikdə həmçinin Kosa və Keçəlin şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Bayram şənliyi Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
 
 

 

 

 

Keçidlər