Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

26 aprel 2018 | 16:00
26 aprel 2018-ci il tarixində Nizami rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu, ömrünü insanların sağlamlığının qorunmasına həsr etdiyini qeyd edərək, onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.
Mili Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
Milli Məclisin deputatı Dilarə Cəbrayılova çıxışında görkəmli alimin hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazandığını vurğulayıb və Zərifə xanım Əliyevanın incə və zərif ruhlu xanım, mehriban ana, qayğıkeş həkim kimi nəcib və xeyirxah keyfiyyətlərindən söhbət açıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov görkəmli alim Zərifə xanım Əliyevanın bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr etdiyini qeyd edərək, gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar apardığını, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu diqqətə çatdırıb. Yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verdiyini söyləyib.
Tədbirdə digər çıxış edənlər akademik Zərifə xanım Əliyevanın  zəngin həyat yolundan, elmi, pedaqoji və həkimlik fəaliyyətindən danışıblar. Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını ucaldıb. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb.
Sonda Nizami rayon 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü tərəfindən Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş şeir səsləndirilib.

Keçidlər