Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda dəyirmi masa keçirilib

24 may 2018 | 16:00
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə komissiyanın 2018-ci il iş və tədbirlər planına əsasən 24 may 2018-ci il tarixində 272 nömrəli tam orta məktəbdə müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhiriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov giriş sözü ilə tədbiri açıb və qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətində dini məsələlərə çox həssaslıqla yanaşılmış, dini tolerantlıq və dini dözümlülük kimi humanizm prinsiplərinə ən yüksək səviyyədə əməl olunmuş və bununla bağlı mühüm addımlar atılmışdı.
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev çıxış edərək iştirakçılara geniş məlumatlar veriblər. Çıxışlarda bildirilib ki, 1918-ci il iyunun 17-də milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradılmış və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olunmuşdur. Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başlamış, Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail olmuş, hər iki idarə könüllü olaraq 1918-ci il sentyabrın 1-də Gəncədə vahid orqanda birləşmişlər.
1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra Qafqaz müsəlmanlarının vahid ruhani idarəsi Bakıya köçürülmüş, Təzəpirin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçilmiş, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırılmış, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradılmış, Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini olmuşdu. Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atılmış, Cümə günü istirahət günü elan edilmiş, dini bayram günlərində bütün dinlərin nümayəndələri işdən azad olunmuş, hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən maliyyələşdirilmiş, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil olmuşdur.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müstəqil Azərbaycan Respublikasında da dövlət-din münasibətləri ənənəvilik və tolerantlıq baxımından yeni çalarlar əlavə olunmaqla inkişaf etdirilmiş, dini sabitliyin qorunmasi və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdı.
Tədbirdə həmçinin 272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə  və məktəbin tarix müəllimləri çıxış edərək öz fikirlərini bildirib, müzakirələrdə iştirak ediblər.
Tədbirin sonunda iştirakçıları, xüsusilə də şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər