Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Bir döyüşçünün gündəliyi” adlı kitabın və filmin təqdimatı olub

23 iyun 2018 | 16:00

23 iyun 2018-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Bir döyüşçünün gündəliyi” adlı layihə çərçivəsində hazırlanmış eyni adlı kitabın və filmin təqdimatı olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasimində çıxış edən Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı döyüşmüş, canından, qanından və sağlamlığından keçmiş insanlar bu gün cəmiyyətimizdə yüksək dəyərləndirilir. Məhz, 1991-ci ildən hərbi proseslərə qatılan, Dağlıq Qarabağ müharibəsində iştirak edən, Şuşada, Kəlbəcərdə, Ağdərədə, Laçında, Tərtərdə, Ağdamda, Füzulidə döyüşən, bir çox kəndlərin işğaldan azad olunması əməliyyatlarında fəal iştirak edən, yaralanan ilk zabitlər korpusunun üzvü Rəhimov Heydər Mikayıl oğlu da həmin insanlardandır. Çap olunmuş kitab və çəkilmiş filmdə Azərbaycan xalqının döyüşkənliyi, cəsarəti, Vətənə bağlılığı kimi xüsusiyyətlərini təsvir edən real hadisələr göstərilir

Sonra “Bir döyüşçünün gündəliyi” adlı film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən ehtiyatda olan zabit Heydər Rəhimov bildirib ki, bu gün Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü silahlı qüvvələrinə çevrilib. Azərbaycan Ordusu hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Biz də Qarabağ qaziləri olaraq istənilən an Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə silaha sarılmağa və torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşə hazırıq. Əgər 1991-1994-cü illərdə qan töküb, Vətənimiz, torpaqlarımız uğrunda döyüşdüksə, yaralandıqsa, bundan sonra da qalan həyatımız bu Vətənə qurban olsun.

Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva vurğulayıb ki, müasir dövrümüzdə Azərbaycan dövlətinin artan iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, o cümlədən ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır. Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində tədbirlər uğurla həyata keçirilir.

“Bir döyüşçünün gündəliyi” adlı layihə çərçivəsində hazırlanmış eyni adlı kitabın və filmin əhəmiyyətinə də toxunan Sədaqət Vəliyeva söyləyib ki, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində bu cür layihələrin böyük rolu vardır: “O zaman Heydər Rəhimov kimi gənclər ilk günlərdən döyüşə atıldılar, Vətən torpaqlarının müdafiəsi üçün qan tökdülər və şəhid oldular. Qarabağda ermənilərin hərbi fəallığının artdığı ilk dövrlərdə 22 yaşlı Heydər Rəhimov 1991-ci ildə  ilk dəfə toplanmış özünümüdafiə taborunun gənc zabiti kimi Şuşada, Kəlbəcərdə, Ağdərədə, Laçında, Tərtərdə, Ağdamda, Füzulidə döyüşdü, bir çox kəndlərin işğaldan azad olunması əməliyyatlarında iştirak etdi, yaralandı, sağlamlığını itirdi, lakin Vətənə olan məhəbbətini, sevgisini cəmiyyətimizin hər bir üzvünə göstərdi, Vətənin müdafiəsindən bir addım da olsa geri çəkilmədi”.

Çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli bu gün Azərbaycan dövlətinin xarici siyasətinin mühüm prioritetini təşkil edir. Bu münaqişə, eyni zamanda bütün cəmiyyət üzvlərini düşündürən vacib problemdir. Çünki, ötən iki yüz il ərzində Dağlıq Qarabağ məsələsi və erməni şovinizmi Azərbaycan xalqının hər bir üzvünün həyatında silinməz iz buraxıb. Bu səbəbdən də, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, torpaqlarımızı işğal etməsi faktoru milli məsələ kimi daim diqqət mərkəzindədir. Elə buna görə də, Dağlıq Qarabağda baş verən hadisələrə cəmiyyətimizin reaksiyası kəskin və qəti olur. Biz bunu 2016-cı ilin aprel döyüşlərində əyani şəkildə gördük.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə diqqətə çatdırıb ki, son proseslər onu göstərir ki, uşaqdan tutmuş yaşlılara qədər hər kəs tarixi torpağımız Dağlıq Qarabağ uğrunda müharibəyə getməyə və düşmənə qarşı vuruşmağa hazırdır: “Azərbaycan ordusu düşmənə dəfələrlə sübut edib ki, Ali Baş Komandanın əmri ilə istənilən vaxt torpaqları azad etməyə qadirdir. Aprel döyüşlərində ermənilər və onların havadarları bir daha anladılar ki, Azərbaycan xalqı ərazi bütövlüyü və suverenliyi uğrunda son damla qanına qədər döyüşməyə hazırdır”.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, Heydər Rəhimov bir Qarabağ qazisi kimi cəmiyyətdə özünə geniş hörmət və izzət qazanıb. Gənclər üçün canlı qəhrəman və vətənpərvərlik nümunəsi olan Heydər Rəhimovun Vətən qarşısındakı xidmətlərini daim xatırlamaq, gənc nəslə danışmaq lazımdır. Çünki, Heydər Rəhimov da özündən əvvəlki qəhrəmanların, vətənpərvərlərin timsalında nümunə götürüb, onların təlim-tərbiyəsi əsasında yetişib: “Ümid edirəm ki, bu kitab və film gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, Azərbaycanın qəhrəman oğullarının Vətən, torpaq uğrunda fədakarlıqlarının təbliğində mühüm vəsait olacaq, məktəblərimizdə geniş şagird auditoriyası qarşısında I Qarabağ müharibəsi reallıqları nümayış etdiriləcək”.

Tədbirin sonunda bir qrup fəal Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı ilə təltif ediliblər.

 

Keçidlər