Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Azərbaycan həqiqətlərinin yayılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir təşkil olunub

28 iyun 2018 | 16:00

28 iyun 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Şahdağ” Xeyriyyə İctimai Birliyinin “Azərbaycan həqiqətlərinin yayılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir təşkil olunub

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olmasına etibarlı zəmin formalaşdırıb. İnvestisiya cəlb edən ölkədən investisiya yatıran, xüsusilə strateji əhəmiyyətli layihələrdə nümunə göstərən Azərbaycan son illər təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanaraq dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində də mühüm rol oynayıb, Avropanın əsas neft-qaz ixracatçısına çevrilib. Ötən il baş verən hadisələr bütün bunları bir daha təsdiqləyib. “Yeni əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin açılışı və 2 milyard ton neft hasilatı, TANAP  layihəsinin başa çatması bunun bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə əldə etdiyi bütün uğurlar onun müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda ümummilli lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Artıq Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında quran, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir ölkədir.

G.İsrafilova vurğulayıb ki, ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətin ictimaiyyət arasında təbliğ edilməsi, onların düzgün çatdırılması istiqamətində belə layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən “Şahdağ” Xeyriyyə İctimai Birliyinin sədri Rəhilə Teymurova layihənin keçirilməsində əsas məqsədin Azərbaycan həqiqətlərinin əhali arasında, xüsusən gənclər arasında, eyni zamanda dünya ictimaiyyəti arasında daha dolğun və intensiv olaraq təbliğ edilməsi, Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzunun rayon ictimaiyyətinə çatdırılması olduğunu qeyd edib. R.Teymurova bütün dünyada Azərbaycan həqiqətlərinin, mənəvi dəyərlərinin, mədəniyyətinin dünya ictimaiyyətinə təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu və bu işin böyük şərəf hissi doğurduğunu vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı çıxış edərək, xalqımıza qarşı soyqırımı siyasətini dayandırmaq və Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını tam şəkildə birdəfəlik təmin etmək üçün ilk növbədə, baş vermiş hadisələrin dərindən öyrənilməsi, bu bilgilərin hər bir vətəndaşa öyrədilməsi və eyni zamanda soyqırımı hadisələrinin dünya miqyasında tanıdılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Natiqlər beynəlxalq mediada, elmi-kütləvi nəşrlərdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıblar. İlk növbədə, ölkəmizin dövlətçilik tarixi, eləcə də müasir tariximizlə bağlı qısa və konkret bilgilərin xarici tədqiqatçılara açıq və əlçatan olmasının təmin edilməsinin  zəruriliyini qeyd ediblər. Eyni zamanda, soyqırımları ilə bağlı aparılmış araşdırmaların, müxtəlif dövrlərdə qəbul olunmuş rəsmi sənədlərin, faktları təsdiqləyən istintaq materiallarının və s. online resurslarda dünyanın müxtəlif aparıcı dillərində təqdim və şərh olunmasının vacibliyini xüsusilə nəzərə çatdırıblar.

Natiqlər, eyni zamanda, hər bir ölkədə müstəqilliyin qorunub saxlanılmasının, dövlətçiliyin möhkəmləndirilməsinin, gələcəyin etibarlı təminatının yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılı olduğunu, Azərbaycan həqiqətlərinin yayılmasında gənclərin fəaliyyətinin xüsusi rolu olduğunu bildiriblər.

Keçidlər