Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ətraf mühitin mühafizəsi ilə əlaqədar sahibkarlarla növbəti görüş keçirilib

17 avqust 2018 | 16:00
17 avqust 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində “İctimai iaşə obyektlərində ətraf mühitin mühafizəsi vəziyyəti” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlarla növbəti görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbiri açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov növbəti dəfə belə bir tədbirin keçirilməsində məqsədin rayon ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitə təsərrüfat və başqa fəaliyyətlərin zərərli təsirinin qarşısının alınmasından ibarət olduğunu vurğulayıb. Eyni zamanda, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara işlərini ətraf mühitin ekoloji tarazlığını pozmadan, səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə uyğun qurmalı olduqları bildirilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev çıxışlarında ictimai iaşə müəssisələrinin əksəriyyətinin layihələndirilməsində tullantıların zərərsizləşdiriləsi və istifadəsi, ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin görülmədiyini bildirərək sahibkarlara bundan sonrakı fəaliyyətlərini mövcud qanunlara uyğun olaraq son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin etməklə qurmalı olduqlarının vacibliyini söyləyiblər. Eyni zamanda, natiqlər qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyini, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə cərimələrin nəzərdə tutulduğunu qeyd ediblər.
Sonda məsələ ilə bağlı sahibkarların sualları cavablandırılıb.

Keçidlər