Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Dövlət Bayrağı Günü qeyd edilib

06 noyabr 2018 | 16:00

06 noyabr 2018-ci il tarixində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 229 saylı tam orta məktəbdə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı tədbir keçirilib.

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində Dövlət Bayrağı Gününə həsr edilmiş sərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbiri açan 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini qeyd edib.  F.Bağırova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladığınl, noyabrın 9-unun ölkəmizdə Dövlət Bayrağı Günü elan edildiyini və xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindən biri olduğunu söyləyib. Bu sərəncama uyğun olaraq 2010-cu ildən etibarən hər il noyabrın 9-unun ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunduğunu söyləyən G.İsrafilova, qürur mənbəyi olan milli dövlət bayrağımızın işğal altında olan torpaqlarda da tezliklə dalğalanacağını əminliklə vurğulayıb.

Tədbirdə 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və 229 nömrəli tam orta məktəbin şagirdlərinin birgə hazırladığı Dövlət Bayrağı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər