Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

07 dekabr 2018 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2018-ci il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə dekabr ayının 7-də 210 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq 2018-ci ildə ötən müddət ərzində keçirilmiş tədbirlər, görülmüş işlər barədə ətraflı məlumat verib. B.Hüseynov xüsusi olaraq vurğulayıb ki, zərərli vərdişlər və onlara aludəçilik insan sağlamlığına çox ağır zərbə vurur. Bu cür neqativ hallara qarşı hamılıqla mübarizə aparılmalı, yeniyetmə-gənclərimizi sağlam mühitdə və sağlam ruhda böyümələri, təhsil və tərbiyə almaları üçün davamlı olaraq yerlərdə müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçirilməli, onların xüsusi olaraq asudə vaxtlarının səmərəli təşkilinə nail olunmalıdır. Zərərli vərdişlərin gənclərə vurduğu yaraların fəsadları çox ağır və sağalmaz olur, nəticədə bütün cəmiyyət əziyyət çəkir, gələcəyimiz üçün təhlükələr yaranır. Yeniyetmə-gənclər üçün  sağlam həyat tərzi yeğanə və alternativsiz seçimdir, çünki sağlam həyat tərzi  sağlam ruh və sağlam mənəviyyat deməkdir.

Tədbirdə həmçinin 24-cü Polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Cövdət Məmmədov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov və 210 №-li tam orta məktəbin direktoru Kəmalə Rəsulova çıxış edib, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb, onlara dəyərli tövsiyələrini veriblər.

Tədbirin sonunda şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, habelə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunub.

Keçidlər