Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti tədbir keçirilib

12 aprel 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyası 2019-cu il iş planına uyğun olaraq, Rayon Polis İdarəsi ilə birgə aprel ayının 12-də 272 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlərdən özümüzü qoruyaq!” mövzusunda tədbir keçirib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, 24-cü Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov və 272 №-li tam orta məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək, zərərli vərdişlərin ağır fəsadları, xüsusilə də ən ağır zərərli vərdiş hesab olunan narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı vurğulanıb və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmasının zəruriliyi önə çəkilib.

Tədbirdə həmçinin narkomaniya barəsində şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olunub.

Keçidlər