Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib

29 may 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının təşkilatçılığı ilə 2019-cu il may ayının 29-da Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə maarifləndirici keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan dövlətlər tütünün səbəb olduğu ölüm hallarına və xəstəliklərə, həmçinin tütün epidemiyasına qarşı dünyanın diqqətini çəkmək məqsədilə 1987-ci ildə Ümumdünya Tütünlə Mübarizə Gününü təsis etmişlər. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı (DST) Assambleyasının 42-ci sessiyasının 19 saylı qətnaməsi ilə 31 May Ümumdünya tütünlə mübarizə, siqaret və tütündən imtina günü elan edilib. Ümumdünya Tütünlə Mübarizə Gününün əsas məqsədi indiki və gələcək nəsli tütünün öldürücü təsirinin nəticələrindən, həmçinin, tütünün yaratdığı sosial, ekoloji və iqtisadi problemlərdən qorumaqdan ibarətdir. B.Hüseynov həmçinin qeyd edib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsulları”nın təsdiq edilməsi barədə 01.05.2018-ci il tarixli 192 nömrəli qərarında 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə yerlərdə tütün əleyhinə təbliğat xarakterli və maarifləndirici kütləvi aksiya və tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Kimya-biologiya təmayüllü Respublika liseyinin həkimi Həmidə Ələfsərova tütün aludəçiliyinin fəsadları və törətdiyi xəstəliklər barədə ətraflı məlumat verib. H.Ələfsərova çıxışında bildirib ki, dünyada ən çox yayılmış zərərli vərdişlərdən biri siqaret çəkməkdir. Yaratdığı fəsadlardan ölüm səbəblərinə görə bu zərərli vərdiş ikinci yerdə durur. Hər il siqaretin törətdiyi xəstəliklərdən ölən insanların sayı 5 milyon nəfərə çatır. Orta hesabla dünyada hər 6 saniyədə tütünçəkmə səbəbindən 1 nəfər həlak olur. Bu təhlükəli vərdiş qanda yüksək şəkərin və təzyiqin yaranmasına, erkən ölüm riskinin artmasına, artıq çəki problemlərinin və digər bir çox fəsadların yaranmasına gətirib çıxarır.

Psixoloq Əsmər Talıbova çıxışında bildirib ki, siqaretin zərərlərinə ən çox məruz qalanlar passiv siqaret çəkənlər, xüsusilə də uşaqlardır. Dünya uşaqlarının təxminən yarısı passiv siqaret çəkməyə məruz qalırlar. Bundan əlavə, ən təhlükəli və təşviş doğuran gerçəkliklərdən biri də odur ki, bu gün məktəbyaşlı və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə yoluxanların sayı sürətlə artmaqdadır. Mövcud araşdırmalar göstərir ki, bu gün tütün tüstüsü aludəçilərinin üçdə ikisi məhz yeniyetmə yaşlarından siqaret çəkməyə başlayırlar. Siqaret fiziki sağlamlıqla yanaşı, psixoloji təsirlərə də malikdir. Siqaret çəkənlər əsəbi olurlar, nəticədə sosial tarazlığını itirir, hər xırda hala görə özündən çıxır və hisslərini cilovlaya bilmirlər.

Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova çıxışında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra qapalı məkanlarda tütün istifadəsinin məhdudlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin zərərli vərdişlər barəsində, xüsusilə də tütün çəkmə ilə bağlı şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Keçidlər