Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə “N” nömrəli hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilib

13 iyul 2019 | 16:00

13 iyul 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən “N” nömrəli hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin təbliği və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına verdiyi töhfələrin gənc nəslə aşılanmasıdır.

Əsgərlər qarşısında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “N” nömrəli hərbi hissənin qərargah rəisi polkovnik Ədalət Hacıyev, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməsinin 50 illik yubileyinin hər yerdə böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıblar.

Natiqlər ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və siyasi fəaliyyətinin uzun müddət diqqət mərkəzində olacağını və bu irsin öyrənilməsi, qorunması, təbliğ və tətbiq edilməsinin bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən bir məsələ olduğunu vurğulayıblar.

Bildirilib ki, Heydər Əliyev 1969-cu ilin iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verdiyini əyani surətdə göstərmişdir. 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər nəticəsində, eyni zamanda yüksək işgüzarlığı sayəsində Azərbaycan iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə öncül sıraya çıxdı.

Heydər Əliyev Hakimiyyətinin birinci mərhələsində Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci dəfə rəhbərliyi dövründə isə ölkəmizdə baş qaldırmış qardaş qırğınının qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi.

Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.

Natiqlər dahi şəxsiyyətin qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini layiqli davamçısı cənab İlham Əliyevə əmanət etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycanın dünyada qüdrətli ölkə kimi tanındığını vurğulayıblar.

Çıxışlardan sonra görüş gənc müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam edib.

Şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edən müğənnilər, həmçinin rəqs kollektivlərinin rəngarəng nömrələri maraqla qarşılanıb və əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

 

Keçidlər