Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, veteranları Prezident İlham Əliyevin diqqət və qayğısından məmnundur

16 noyabr 2019 | 16:00

16 noyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin hesabat yığıncağı keçirilib.

Yığıncaqda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak ediblər.

Yığıncaq iştirakçıları öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan toplantıda müasir, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad edilib.

Toplantıda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev ötən il ərzində görülən işlərə dair hesabat verdi.

Sonra hesabat ətrafında çıxışlar oldu. Şəhid ailəsi adından Dilarə Ələkbərova, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, II qrup Qarabağ müharibəsi əlili Fəxrəddin Bəhramov, Qarabağ müharibəsi veteranı Fərhad Bağırov dövlətin onlara diqqət və qayğısından söz açıblar, ictimai birliyin hesabatını qənaətbəxş hesab ediblər. Onlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər.

Toplantıda çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Şura Musayev, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qeyd ediblər ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzilin verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Bildirilib ki, şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi proqramı 96 faiz icra olunub, 11740 şəhidin 17500-ə yaxın vərəsəsi ödəmə ilə təmin edilib. Cari ildə şəhid ailələri üçün Prezident təqaüdü 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. 2018-ci ildə 265 müharibə əlili avtomobillə təmin olunub. 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla, 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil müharibə əlillərinə təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.

Çıxışçılar görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin bariz nümunəsi olduğunu vurğulayıblar.

Toplantının sonunda bir qrup Qarabağ müharibəsi əlilinə, şəhid ailəsi və müharibə veteranına fəxri fərmanlar, partiya vəsiqələri təqdim olunub.

 

 

Keçidlər