Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2 Fevral Gənclər Günü və 2020-ci il “Könüllülər ili” münasibətilə gənclərlə görüş keçirilib

30 yanvar 2020 | 16:00

30 yanvar 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü və 2020-ci il “Könüllülər ili” münasibətilə Heydər Əliyev adına Neft Emalı zavodunda gənclərlə görüş keçirilib və konsert proqramı təşkil edilib.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ikinci dəfə hakimiyyətə gələndən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoyduğunu, 1996-cı ildən gənclər forumlarının təşkil edildiyini, 1997-ci ildən isə fevralın ayının 2-sinin Gənclər Günü elan edildiyini diqqətə çatdırıb. Bununla yanaşı, 2003-cü ildən sonra gənclərin inkişafı ilə bağlı imzalanan fərman və sərəncamların, qəbul edilmiş proqramların, qanunların Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm faktora çevrildiyini qeyd edib. Eyni zamanda, G.İsrafilova dövlət başçısı cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edildiyini diqqətə çatdırıb. Natiq könüllülüyün bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrildiyini, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etdiyini, gənclərimizin həyat tərzinə çevrildiyini söyləyib. Bir çox könüllü hərəkatlarının yarandığını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qruplarının  formalaşdığını bildirib. G.İsrafilova çıxışının sonunda gəncləri 2 Fevral Gənclər Günü münasibətilə təbrik edərək onlara uğurlar diləyib.

Görüşdə  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev çıxış edərək, Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərdiyini, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyini söyləyib. M.Mehtiyev həmçinin könüllü gənclərin fəaliyyətindən söz açaraq  öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verdiklərini, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynadıqlarını qeyd edib.

Çıxışlardan sonra görüş gənc müğənnilərin ifasında konsert proqramı ilə davam edib.

Sonda rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup gəncə təşəkkürnamə təqdim olunub.

 

 

Keçidlər