Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib

24 fevral 2020 | 16:00

24 fevral 2020-ci il tarixində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə Yuri Kovalyov adına 229 №-li tam orta məktəbdə ümumrayon tədbiri keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavinləri İldırım Mehdiyev, Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Xocalı sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, rayon məktəblərinin müəllimləri və yeniyetmə-gənclər iştirak edib.

İlk öncə Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 229 №-li məktəbin şagirdlərinin ifasında “Xocalı soyqırımı – Ana fəryadı” adlı  ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra, 229 №-li tam orta məktəbin direktoru Fəridə Bağırova çıxış edərək, Xocalı sakinlərinə səbr diləyib. Natiq vurğulayıb ki, tədbirdə səslənən şeir və mahnıların sözləri 229 №-li tam orta məktəbin tarix müəllimi Nərgiz Məmmədovaya, bəstəsi isə musiqi müəllimi Zülfiyyə Məhərrəmovaya məxsusdur. O, qeyd edib ki, belə tədbirlərin bütün məktəblərdə keçirilməsi şagirdlərimizin vətənpərvər ruhda böyüməsində və tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının onların yaddaşında həkk olunmasında mühüm rol oynayır.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Xocalı şəhərinin Nizami rayonu üzrə nümayəndəsi Surxay Quliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Rövşən Qasımov 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı  şəhərində soyqırımı aktını həyata keçirdiyini və həmin günün Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi yazıldığını, soyqırımı nəticəsində 613 nəfər dinc sakinin vəhşicəsinə öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı sakinlərin aldıqları güllə yarasından əlil olduğunu və faciə baş verən gecə 1275 nəfərin girov götürüldüyünü  qeyd ediblər və bildiriblər ki, Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir və beynəlxalq hüquqa uyğun olaraq dünya ictimaiyyəti tərəfindən mühakimə olunmalıdır. Natiqlər Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına  çatacağına, Azərbaycan xalqının  işğal altındakı bütün torpaqlarının yağı düşməndən  tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan  didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.

Tədbirdən sonra İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış 36 Xocalı ailəsinə maddi köməklik göstərilib.

Keçidlər