Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın artan beynəlxalq nüfuzu: İlham Əliyev dünyanı birləşdirir

12 may 2020 | 16:00

Xəbər verildiyi kimi, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Bu, “COVID-19” virusu yayılmağa başlayandan bəri Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında keçirilən ikinci Zirvə görüşü idi. İlk belə videokonfrans aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərlərinin iştirakı ilə keçirilmişdi. Bu online müzakirənin də əsas mövzusu yeni növ koronavirus idi.

Pandemiyaya yalnız birləşməklə, qlobal əməkdaşlığa səy göstərməklə qalib gəlmək olar... 

Keçirilmiş hər iki Zirvə görüşü göstərdi ki, Azərbaycan ölkə daxilində koronavirusla inamlı mübarizə aparmaqla bərabər, beynəlxalq nüfuzunu da artırmaqda davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan hər iki videokonfrans Azərbaycanın və onun rəhbərinin dünyadakı nüfuzunun bariz nümunəsidir. Prezidentin irəli sürdüyü bu tip təşəbbüslər dünyada Azərbaycan xalqı və dövləti barədə müsbət imic yaradır. Çünki dünya hazırda “COVID -19” xaosunun içindədir. Hər bir dövlət öz daxili imkanları hesabına pandemiya ilə mübarizə aparmağa çalışır. Azərbaycan isə dünyaya, bu bəlaya qalib gəlməyin tək yolunun birləşmək, birlikdə mübarizə aparmaq olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş sözügedən konfranslar yeni növ koronavirusla mübarizədə atılacaq addımların müzakirəsi, optimal variantların müəyyən edilməsi və paralel olaraq iqtisadi əlaqələrin tənzimlənməsi xüsusunda geniş imkanlar yaradır. İlham Əliyev dünyaya nümayiş etdirir ki, pandemiyaya yalnız birləşməklə, qlobal əməkdaşlığa səy göstərməklə qalib gəlmək olar.

Dövlətlər arasında yaradılan körpü

Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər arasında körpü yaradır, ölkələri beynəlxalq birliyə səsləyir. Xüsusilə qeyd etmək lazımdır ki, Qoşulmama Hərakatına 120 ölkə daxildir və bu, dünyanın təqribən üçdə iki hissəsi deməkdir. Yəni Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünyanın üçdə iki hissəsi pandemiyaya qarşı birlik, həmrəylik nümayiş etdirir, bəyanatlar qəbul edir. Həmçinin Qoşulmama Hərakatının tarixində ilk dəfə Avropa İttifaqı rəsmisi bu təşkilatın zirvə toplantısında iştirak etdi və nitq söylədi. Bu məqam Azərbaycan Prezidentinin həm regionda, həm Şərqdə, həm də Avropadakı nüfuzunun bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin səyləri və müdrik idarəçilik taktikası nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırır, qlobal əməkdaşlıq platformasına çevrilir. 

Azərbaycanın yaratdığı nümunələr

Heç şübhəsiz ki, dünya dövlətləri Azərbaycanın koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi tədbirləri, ölkəmizin bu xüsusda uğurlu nəticələr göstərdiyini müşahidə edirlər. Başqa sözlə, Azərbaycan pandemiya ilə mübarizə dövründə də göstərdi ki, hətta inkişaf etmiş Avropa ölkələrinin də bizdən öyrənməli olduğu çox şeylər var. Hər halda, ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər, vaxtında və dəqiq verilmiş qərarlar bu gün müvafiq beynəlxalq təşkilatlar və bilavasitə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir, Azərbaycanın qlobal pandemiya ilə mübarizədə böyük rol oynadığı önə çəkilir. Bu baxımdan, tam əminliklə deyə bilərik ki, həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, həm də Qoşulmama Hərəkatına üzv dövlətlərin hər biri Azərbaycanın yaratdığı nümunələrdən yararlanmaqda maraqladırlar.

Azərbaycandakı fərqli mənzərə və Prezidentin qətiyyəti

Ümumiyyətlə, Azərbaycanda yeni növ koronavirusla mübarizə inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunub. Avropa dövlətləri, xüsusilə İtaliya, İspaniya, Fransa və İngiltərə əvvəlcədən qabaqlayıcı tədbirlər görmədiyi üçün virus bu ölkələri ağuşuna aldı və vəziyyət nəzarətdən çıxdı. Azərbaycanda isə mənzərə tam fərqlidir. Prezidentin xüsusi nəzarəti altında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində virus ölkəmizdə geniş yayılmadı, çoxsaylı insan tələfatı ilə müşahidə olunan faciələr yaşanmadı. 

Bəli, bu, Prezidentimizin xidmətidir. Onun qətiyyətinin və öz xalqına bəslədiyi böyük məhəbbətin təzahürüdür.

Keçidlər