Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır

29 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümü münasibətilə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissənin açılış mərasimi olmuşdur.

Şərqdə ilk Demokratik Respublika qurmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən vacib qərarlarından biri məhz Milli Ordunun yaradılması idi.

Ordu dövlətin təhlükəsizliyinin və suverenliyinin qarantıdır. Ordusu olmayan və ərazi bütövlüyünün qorunmasını təmin edə bilməyən istənilən ölkə müstəqillikdən tənəzzülə məhkumdur. Müasir dövrün orduları-modernləşmiş, yüksək döyüş hazırlığına və mənəvi-psixoloji keyfiyyətlərə malik müdafiə qurumlarıdır. Məhz dünya çapında qəbul edilmiş parametrlərə cavab verən 50 ölkənin müdafiə sistemləri digər dünya dövlətləti üçün də nümunə olmalıdır.

Bəli, sevindirici haldır ki, məhz dünyanın 50 ölkəsinin ordusu sırasında yuxarıda qeyd edildiyi kimi, döyüş hazırlığına, nizam-intizama və mənəvi-psixoloji hazırlıq vəziyyətinə görə Azərbaycan Silahlı Qüvvələrinin də öz yeri və payı vardır.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra peşəkar əsgər və zabit korpusunun yaradılması işinə başlanıldı. Hələ sovetlər dönəmində milli zabit korpsunun yaradılması işi məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə qayğısı nəticəsində ərsəyə gəlmişdir. Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdə sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına hərbi lisey yaradıldı. Ötən illər ərzində minlərlə gənc bu məktəbi bitirərək ali hərbi məktəblərə daxil olmuş və böyük ordu həyatına vəsiqə qazanmışdır. Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla AXC dövründə ilk əlahiddə Azərbaycan korpsunun yaradıldığı gün-iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur.

Azərbaycanda ordu quruculuğu bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi islahatların, davamlı və uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri, regionun ən güclü ordusuna çevrilmişdir. Ölkəmizin son illərdə dayanıqlı inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi cənab Prezidentin öz Vətəninə sadiq olduğunu bir daha təsdiq edir.

Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi-bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tiknti-bərpa, yenidənqurma işləri tamamlanmışdır. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillərlə təmin olunmuşdur. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəkdir. Hərbiçilərin əməkhaqqları müntəzəm olaraq qaldırılır, orduda fərqlənmiş hərbiçilər isə mükafatlandırılır.

Dünyada orduların reytinqini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, Azərbaycan ordusu 50 ən güclü ordu sırasındadır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı və biz qarşıya qoyulan məqsədlərə çata bilməzdik. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcəkdir. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdan xəbər verir”.

Bəli, iqtisadiyyatı gücləndirmədən, davamlı inkişafa nail olmadan, nə ölkənin dinamik inkişafını təmin etmək, nə də ki, insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində uğurlu nəticəyə nail olmaq olar. Bunun üçün hər bir Azərbaycan vətəndaşı ölkəsinin müstəqilliyi və inkişafı naminə, ən əsası işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması üçün ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək qarşıda duran bütün çətinliklərə sinə gərib ümummilli maraqlar uğrunda mübarizəyə qalxmalıdır. Sonda onu da qeyd edək ki, qələbə uzaqda deyil, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi altında, Şanlı Azərbaycan Ordusunun şücaəti ilə tezliklə torpaqlarımız mənfur düşmənlərdən azad olunacaq, müqəddəs torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanacaqdır!

Mürvət İbrahimov
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Keçidlər