Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ canımız, qanımızdır. Qarabağ Azərbaycanımızdır!

06 oktyabr 2020 | 16:00

Son günlər məlum hadisələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyevin çıxışlarını çox diqqətlə, məmnunluq və qürur hissi ilə dinləyirəm. Ölkə başçısının hər bir çıxışı insanda yeni bir fəxarət hissi, iftixar hissi oyadır. "Əl-Cəzirə" televiziya kanalına verdiyi müsahibə də bu çıxışlardandır.

Baş verən hadisələr sübut edir ki, doğrudan da Ermənistan müharibə istəyir. Əgər bir dövlət başqa dövlətin ərazisini işğal edirsə, əhalisini işgəncə ilə öldürürsə, körpə uşaqları zövq ala-ala nişangaha çevirirsə, rüsvay olmaqdan canını qurtarmağa çalışan əhalinin öz ata-baba ocağından, yurd-yuvasından didərgin düşməsinə səbəb olursa, bu müharibə istəmək deyil, bəs nədir!?  Mən hələ Ağdamda müəllim işləyən vaxt Xocalıdan gətirilən cəsədləri görmüşəm. İnsanları necə dəhşətlə qətlə yetirdiklərini müşahidə etmişəm. Ermənilərə faşist sözü belə azdır. Əslində bunu bütün dünya bilir, amma bəzi ölkələr bilməzlikdən gəlirlər. Çünki bu onların işğalçılıq siyasətlərinə uyğun gəlir. Beynəlxalq təşkilatların çıxardığı qərarlara ermənilərin əməl etməməsi, bunun isə cavabsız qalması mənim fikirlərimi təsdiqləyir.

Mövcud hadisələrin sülh yolu ilə həll edilməsinə Azərbaycan kifayət qədər səbir, dözüm nümayiş etdirdi. Cəhd edildi ki, insanlar günahsız yerə ölməsinlər. Bütün dünyaya, o cümlədən ermənilərə mesaj verildi ki, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!" Amma insanlığı yalnız insanlar anlayarlar. Dəfələrlə ermənilərə torpaqlarımızdan çıxıb getmələri tövsiyə olundu, xəbərdarlıq edildi ki, müharibə sonuncu dayanacaqdır. Onlar isə məsələnin necə həll edilə biləcəyini dərk etmədilər və edə də bilməzdilər. Çünki bizim nəyinki hərbçilərimizin, körpələrimizin belə dırnaqlarında olan vətənpərvərlik hissi, qeyrət, namus hissi onların generallarında da yoxdur.

Ermənistan isə məğlubiyyətindən düzgün nəticə çıxarmaq əvəzinə, ərazimizə diversiya qrupu göndərir. Bunu isə dana bilməzlər, qrupun başçısı yaxalanmışdır. Ermənistan Azərbaycanın işğal olunmamış yerlərinə – Tovuza, Tərtərə, Mingəçevirə, Xızıya, Gəncəyə, Abşerona mərmilər yağdırır. Dinc əhalinin həlak olmasına, yaralanmalarına səbəb olurlar, utanmadan "Atəşkəs" deyirlər! Lakin atəşkəs birtərəfli ola bilməz! Müharibə istəyirlər, bu da müharibə!

Amma qoy hər kəs bilsin ki, Qarabağ bizim əzəli torpaqlarımızdır. Qarabağ mədəniyyət ocağımızdır. Qarabağ canımız, qanımızdır. Qarabağ Azərbaycanımızdır!

Bu gün ordumuz ən müasir texnika və silahlarla təchiz olunub. Ordumuz düşmənə lazımi cavab vermək iqtidarındadır ki, biz bunları görürük. Bunun isə Cənab Prezidentin əvəzedilməz zəhmətinin nəticəsi olduğunu da dərk edirik. Ölkə başçımız ordumuzun önündə dayanan əsil sərkərdədir.                 

 
Məmmədova Nərgiz Abbas qızı
229 nömrəli tam orta məktəbin müəllimi
Keçidlər