Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində tarixi qələbə qazanan dahi sərkərdə

16 noyabr 2020 | 16:00

Vətən müharibəsində 44 gün ərzində əldə edilmiş qələbə Azərbaycanı dünya dövlətləri arasında ucaltdı, zirvələrə qaldırdı. 30 il əvvəl itirilmiş ərazi bütövlüyümüz yenidən bərpa olundu, xalqımızın milli mənəviyyatı dirçəldi, vətən həsrətimizə son qoyuldu. Tarix kitablarımıza acı bir tarix kimi yazılmış ərazilərimizin işğal tarixləri artıq şərəflə yadelli əsarətindən torpaqlarımızın azad olunma tarixi kimi qızıl hərflərlə yazılacaq.

44 gün ərzində qazanılan bu tarixi qələbə heç də asan əldə olunmamışdır. Bu qələbə Ali Baş Komandan, cənab Prezident İlham Heydər oğlu Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrildi. Hələ 2002-ci ildə İlham Əliyev ARDNŞ-in vitse-prezidenti olarkən ABŞ-da yüksək səviyyəli görüşlər keçirmişdir. Görüşlərin birindən sonra görkəmli siyasətçi Vrent Skoutroft demişdi: “....Mən Azərbaycanın gələcəyinə nikbin baxiram. İlham Əliyev bizə güclü siyasətçi təsiri bağışlayır. Bəli, bu sözləri artıq bütün dünya təsdiqləyir, çünki güclü siyasətçi artiq bütün dünyada xalqımızın başını uca etdi, onun əzmini, qüdrətini göstərdi.

Ölkəmizdə neft və qeyri-neft sektorunda inkişaf, sosial layihələrin həyata keçirilməsi, təhsil, elm, incəsənət və memarlıq sahəsində uğurlar dövlətimizi Cənubi Qafqazın lider dövlətinə çevirmişdir. Bu tarixi qələbəni güclü ordumuz qazandı. Güclü  ordu - qüdrətli dövlət  deməkdir. Güclü ordunun yaranması - dovlətin ordu quruculuğuna xüsusi diqqətinin nəticəsidir. Xüsusilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması, yüzlərlə müasir silahların - “İstiqlal” snayper tüfəngi, zirehli döyüş maşınlarının istehsal edilməsi Azərbaycan Ordusunu NATO standartlarına uyğun təlim görmüş çox güclü silahlı qüvvələrə malik orduya çevirmişdir. Bu gün Azərbaycan Ordusu hərbi potensialına görə Cənubi Qafqazda ən güclü ordu hesab edilir.

İlham Əliyev “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - deməsi bu tarixi qələbədə də özünü bir daha göstərdi. Prezidentin hər bir ərazinin azad olunması xəbərini xalqımız sevinc  göz yaşlari ilə qarşıladı. Xüsusilə Şuşa şəhərinin azad olunması xəbərini Prezidentin ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edərək xalqa bildirməsi Vətənimiz uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna böyük ehtiram, hörmət əlaməti idi.

Azərbaycan xalqı kiçikdən böyüyə öz Prezidentinin ətrafında birləşmişdir. Atalarımız demişkən: “El bir olsa, dağ oynadar yerindən”. Ali baş Komandanın rəhbərliyi ilə tezliklə 30 il ərzində düşmənlər tərəfindən bərbad hala salınmış ərazilərdə abadlıq işləri aparılacaq, rifah qurulacaqdır.

Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Aynurə Məmmədova
61 nömrəli məktəbin müəllimi
Keçidlər