Şriftin ölçüsü :

Saytın rəngi :

Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır

07 yanvar 2021 | 16:00

Tarif (qiymət) Şurasının yanvarın 4-də keçirilmiş iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Nəticədə təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməsə də, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Bəs görəsən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının  pərakəndə satış qiymətinin artırılması hansı zərurətdən irəli gəlib və bu addım insanların həyat tərzinə necə təsir edəcək? 

Əvvəlcə ondan başlayaq ki, SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Belə ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

Digər tərəfdən, pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVID-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14 faiz artım deməkdir. Məsələn, Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 7,2 lirə (1,66 manat) ətrafında dəyişir – yəni 32 faiz artım var. Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lariyə (1,25 manat) yüksəlib. Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7 faiz artıb.

Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropada da  özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin ekoloji məsələlərə görə, Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur. Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağın bahalaşması 2021-ci ildə də davam edəcək.

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Həmçinin 1 litr üçün dizel yanacağının qiyməti Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir. Göründüyü kimi, bu ölkələrdə Aİ-92 və dizel yanacağının qiyməti Azərbaycanla müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Hərçənd ki, həmin ölkələrin bir hissəsi əhalinin sosial rifahı ilə bağlı göstəricilərə görə Azərbaycandan xeyli geri qalır. Burada diqqəti çəkən digər məsələ bu ölkələrdə dizelin benzindən baha olmasıdır. Bu baxımdan Azərbaycanda, əksinə,  dizelin benzindən ucuz olması istehsalında yanacağın əhəmiyyətli yer tutduğu sahələrdə – nəqliyyat, kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin qorunub saxlanılmasında mühüm rola malikdir.  Avropa ölkələrində isə yanacağın qiyməti olduqca yüksək olduğundan bu məhsul üzrə Azərbaycandakı qiymətlə müqayisə aparmaq ümumiyyətlə mənasızdır.   

Digər tərəfdən, son illər Azərbaycana avtomobil idxalının artması benzinə və dizelə tələbatı yüksəldib. Belə ki, ölkəmizə 2018-ci ildə 28 876, 2019-cu ildə 47 710, 2020-ci ilin 11 ayında isə 47 841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbatın yüksəlməsi də əhalinin sosial rifahının daha bir göstəricisidir. Söhbət, həmçinin  ondan gedir ki, dizel yanacağı üzrə sonuncu qiymət artımı 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66 faiz, pensiyalar 73 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirlərində artım tempi yanacağın qiymətindəki artımı əhəmiyyətli dərəcədə üstələyir.   

Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi  təsir etməyəcək. Söhbət ondan gedir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olması mümkün deyil. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat ödəyəcək. Dizellə işləyən avtomobil sahibi üçün isə bu məbləğ 10 manat olacaq. Qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdırmış olur. Burada o da xatırladılmalıdır ki, hazırda ölkəyə elektromobillərin idxalı əlavə dəyər vergisindən azaddır və burada yanacaqla bağlı qiymət tənzimlənməsini də əlavə edəndə belə avtomobillərin əldə edilməsi üçün əlverişli şərait yaranır.

Yeni tariflərin iqtisadiyyata təsirinə gəlincə,  dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəyi bildirilib. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda artımın qarşısının alınması istiqamətində atılan mühüm addımdır. Digər tərəfdən, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Eyni zamanda, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Buraya alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanların yaradılması, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirlərinin həyata keçirilməsi də aiddir.

Buradan ilk növbədə belə qənaətə gəlmək olur ki,  Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılmasına, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsinə səbəb olacaq.

Eyni zamanda, tarif tənzimlənməsində ənənəvi konservativ yanaşmanın- enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillərin nəzərə alındığı açıq-aydın ortadadır.

Həmçinin dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasındakı qiymət fərqinin azaldılması ekoloji mühitin yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri hesab edilə bilər. Məsələ burasındadır ki, Avropa ölkələrində dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılması və ya imtina edilməsi qiymətlərinin kəskin ucuzlaşması ilə bərabər, indiyədək ölkəmizdə dizellə  benzin arasında qiymət fərqinin çox olması ölkəyə istismar müddətini başa vurmuş avtomobillərin idxalını stimullaşdırırdı.   

Əsas məsələ isə ondan ibarətdir ki, qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə, eyni zamanda, büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına yönəldilmiş olacaq.  Təkcə 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Eyni zamanda, pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66,7 faizlik  artım deməkdir. Həmçinin “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcək. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb. Geniş sosial dəstək paketlərinin bundan sonra da həyata keçirilməsi gözlənilir.

 

Fəridə Bağırova,
229 nömrəli tam orta məktəbin direktoru

 

Keçidlər