Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfərə gedən yol

11 yanvar 2021 | 16:00

Azərbaycan xalqı əsrlər boyu keşməkeşli tarix yaşamışdır. Bu xalq həmişə güclü, döyüşkən, əzmkar olmuşdur. Düşmən qarşısında əyilməmiş, başını dik tutmuşdur. 44 günlük Vətən müharibəsi bunu sübut etdi. Mərd qorxmaz oğul yetişdirən analar ağlamadı, Vətən sağ olsun dedi! Babəklər, Cavanşirlər, Tomrislər yetişdirən Azərbaycan öz adını tarixə qızıl hərflərlə yazdı. Düşmənə sübut etdi ki, bizim güclü ordumuz, sözü və əməli bir olan Prezidentimiz var. Biz yumruq kimi birləşmişik. 2020-ci ilin yekununda xalqımız öz adını tarixə yazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 44 gün ərzində tarixi Qələbə qazanaraq torpaqlarımızı azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.

Ermənistanın  30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədaləti bərpa etdik. Şanlı qələbəmiz xalqımızın güclü, əzmkar olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. 44 gün ərzində Ermənistan ordusu darmadağın  edildi, diz çökdürüldü. Məcbur olub 10 noyabrda kapitulyasiya aktına imza atdılar. Bu dövlətimizin uğurudur. Bu qələbə tarixdə əbədi qalacaq. Biz gücümüzü dünyaya göstərdik, işğal olunmuş torpaqlarımızı azad etdik. Hüquqi sərhədlərimiz bərpa olundu.

Prezident İlham Əliyev sülhməramlılar qarşısında məsələ qoymuşdur. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa səfər edə bilməz. Belə hallar baş verərsə, cavab verməyə hazırıq.

2020-ci ilin yekunlarında aparılan kadr islahatları da müsbət qarşılanır. İlham Əliyev qeyd etmişdir ki, heç kim qanundan üstün deyil. Heç kim üçün xüsusi status, imtiyaz  yoxdur.

2020-ci ilin iqtisadi yekunlarına görə Azərbaycan digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb. Kənd təsərrüfatı 2% artıb, neft vəsaiti azalmayıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib.

TAP-ın istismara verilməsi Azərbaycan qazının ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir.

Koronavirus bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan da şərəflə çıxdı. Yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Koronavirus xəstələrə qulluq edən həkimlərin maaşı artırıldı. Qeyri-formal çalışan və işsiz vətəndaşlara yardımlar edildi.

Müharibə dövründə dağıdılmış və ziyan dəymiş bütün sahələrin bərpası üçün vəsait ayrılmışdır. Bir sözlə, azad edilmiş torpaqlarımızda quruculuq işləri artıq həyata keçirilir. Əbədi və əzəli Qarabağımız cənnətə çevriləcək.

Möhtərəm İlham Əliyev qürurla demişdir: “Vahid Azərbaycan dövləti bundan sonra uğurla , inamla inkişaf edəcəkdir”.

 

Günel Quliyeva
220 nömrəli məktəb-liseyin müəllimi
Keçidlər