Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

27 sentyabr 2021 | 16:00

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlamış, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulmuşdur. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 02 dekabr 2020-ci il tarixində hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Nizami rayonunda da Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

İlk öncə Rayon ictimaiyyəti, şəhid ailələri, qazilər Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Nizami rayonunda şəhid Məmmədov Murad Elşən oğlunun yaşadığı binanın qarşısında abidəsinin açılışı mərasimi olub.

Tədbirdə  Azərbaycan Ordusunun əsgəri olan Murad Məmmədovun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyi və qəhrəmancasına şəhid olduğu qeyd edilib.  

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Anım Günü ilə əlaqədar Nizami rayonunda rayon ictimaiyyətinin iştirakı ilə ağacəkmə aksiyası da keçirilib. Aksiya çərçivəsində Ə.Vəliyev küçəsində 150 ədəd zeytun ağacı və 350 ədəd eldar şamı əkilib.

 

 

Keçidlər