Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Milli Qəhrəman Yuriy Kovalyovun büstünün açılış mərasimi olub

04 oktyabr 2021 | 16:00

04 oktyabr 2021-ci il tarixində Nizami rayonunda Yuriy Kovalyov adına 229 nömrəli tam orta məktəbdə Milli Qəhrəmanın büstünün açılış mərasimi olub.

Mərasimdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı  Mixail Zabelin, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev iştirak ediblər.

Mərasim iştirakçıları öncə 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar. Sonra məktəbin məzunu olmuş 7 şəhidin əziz xatirəsinə hörmət əlaməti olaraq ağaclar əkiblər.

Azərbaycan bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Milli Qəhrəman Yuriy Kovalyovun qardaşı Vitaliy Kovalyov onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Sonra büstün açılışı olub, Milli Qəhrəman Yuriy Kovalyov haqqında videoçarx nümayiş etdirilib.

Məlumat verilib ki, Yuriy Kovalyov 1965-ci il mayın 29-da anadan olub. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbi bitirib. O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Y.Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. 1991-ci il oktyabrın 3-də Xocavənddə növbəti hərbi tapşırıqdan qayıdarkən düşmənlə döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olub. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Yuriy Kovalyov Şəhidlər Xiyabanında dəfn edilib.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan dövləti və cəmiyyətinin həm birinci Qarabağ müharibəsinin, həm də Vətən müharibəsi qəhrəmanlarının, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram, onların ailələrinə və qazilərimizə yüksək diqqət, qayğı göstərdiyini söyləyib.  T.Budaqov daha sonra bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası müstəsna əhəmiyyətə malik, dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi, Qələbə dastanıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının rəhbəri, MM-in deputatı Mixail Zabelin, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, 229 nömrəli tam orta məktəbin direktoru Vüsalə Məmmədova və başqaları Milli Qəhrəman Yuriy Kovalyovun igidliyi, şücaəti, eləcə də 44 günlük Vətən müharibəsindəki zəfər, şəhid ailələrinə, qazilərə olan dövlət qayğısı barədə danışıblar.

Mərasimə Milli Qəhrəmanın qızının və nəvəsinin ifasında bədii hissə ilə yekun vurulub.

Keçidlər