Rayonda Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
23 iyun 2014-cü il tarixində Nizami rayonunda “Muğam ocağı” istirahət mərkəzində Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov açaraq, dövlət qulluqçularını bayram münasibətilə təbrik etdi və 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü ilə əlaqədar bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında Rayon İcra Hakimiyyəti başçısının əmri ilə tədbir iştirakçılarını tanış etdi.
Tədbirdə çıxış edən millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov dövlət qulluqçularının cəmiyyətin fəal aparıcı qüvvəsi kimi ölkədə siyasi sabitliyin bərqərar edilməsində, dövlətin iqtisadi qüdrətinin gündən-günə artmasında və demokratik proseslərin sürətləndirilməsində mühüm rolunu qeyd etdilər.
Sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək, ilk öncə Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafının, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində ölkəmizin öz müstəqilliyini gündən-günə möhkəmləndirdiyini və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət sayəsində dinamik inkişaf etdiyini vurğuladı. Dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində respublikada islahatların uğurla davam etdiyini və bu ildən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndiriləcəyini diqqətə çatdırdı.
Sonda T.Budaqov tədbirdə iştirak edən dövlət qulluqçularını təbrik edərək, ixtisas dərəcəsi almış və hədiyyələrlə mükafatlandırılmış dövlət qulluqçularına fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı.