Nizami rayonunda Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb
23 oktyabr 2021-ci il tarixində Nizami rayonunda 214 nömrəli tam orta məktəbdə 44 günlük Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb.
İlk öncə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçıları şəhid Cavid Həsənovun adını daşıyan sinif otağı və xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan guşə ilə tanış olublar.
Məktəbin direktoru Fəttah Fəttayev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, şəhidin ailə üzvləri, döyüş və sinif yoldaşları çıxış edərək Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıblar. Bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinə, Milli qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiram göstərilir.
Çıxış edənlər Cavid Həsənovun qısa və şərəfli ömür yolundan, onunla bağlı xatirələrindən danışıblar. Qeyd edilib ki, Cavidlə bərabər Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın hər biri gənc nəslə örnəkdir. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Cavidin və bütün Vətən şəhidlərinin xatirəsi heç vaxt unudulmayacaq, daim qürur hissi ilə anılacaq.
Tədbirdə şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.