Nizami rayonunda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib
02 noyabr 2021-ci il tarixində Nizami rayonu 129 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himni səsləndiirildikdən sonra 129 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək, ötən il 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqının tarixi qələbə qazandığını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamla Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi barədə qərar verdiyini diqqətə çatdırıb və tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi ilə möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını söyləyib. M.İbrahimov 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimiz azad olunduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini, məcburi köçkünlərin köçkünlük həyatının sona çatdığını və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.
Tədbirdə aprel şəhidi Zakir Cəfərovun anası Kəmalə Abdullayeva çıxış edərək, şəhid ailələrinin və qazilərin daim dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını qeyd edib və dövlət başçısına minnətdarlığını bildirib.
Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev I Qarabağ müharibəsi dövründə keçdiyi xatirələrdən danışaraq, Vətənin harayına səs verdiklərini, yaşlarının bu ahıl çağlarında torpaqlarımızın müdafiəsinə hər an hazır olduqlarını diqqətə çatdırıb.
Tədbirdə 129 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya təqdim olunub.