Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Zəbiyulla Şahin oğlu Məmmədovun xatirəsinə həsr olunan “Zəfərlə açılan səhər” adlı tədbir keçirilib

03 noyabr 2021 | 16:00

03 noyabr 2021-ci il tarixində 229 №-li tam orta məktəbdə Vətən müharibəsində şəhid olan, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğurunda” medalları ilə təltif olunan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Məmmədov Zəbiyulla Şahin oğlunun xatirəsinə həsr olunan “Zəfərlə açılan səhər” adlı tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev,  Rayon İcra Hakimiyyəti başçısı aparatının və Rayon Gənclər və İdman İdarəsinin  əməkdaşları, şəhidin ailəsi və doğmaları, döyüşçü yoldaşları iştirak ediblər.

İlk öncə 229 №-li məktəbin 4-cü sinif şagirdlərinin ifasında şeirlərdən, musiqilərdən ibarət kompozisiya təqdim olunub, şəhidin həyat yolu, döyüş şücaətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra kəşfiyyat rəisi, polkovnik-leytenant Etibar Camalov, Qarabağ qaziləri Nəzər Abdurahmanov və Elşən Vəliyev şəhidin döyüş yolundan, göstərdiyi şücaətlərdən danışaraq öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə Nizami Rayon Mədəniyyət Mərkəzinin solistləri Mütəllim Mütəllimovun ifasında “Zəfər mahnısı” və Nizami Nikbinin ifasında “Vətən oğlu” mahnısı səsləndirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, 229 №-li tam orta məktəbin direktoru Vüsalə Məmmədova və şəhid Xudayarın anası Radə Qurbanova çıxış ediblər.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Məmmədov Zəbiyulla Şahin oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğurunda” medalları ilə təltif olunub.

Tədbirin sonunda şəhidin təltif olunduğu medallar atası İmran Məmmədova təqdim edilib.

Keçidlər