Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

17 iyul 2014 | 15:00

17 iyul 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun 2014-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qeyd etdi ki, ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır. Sonra 2014-cü ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda  duran  vəzifələr  haqqında daha ətraflı məlumat vermək üçün sözü müavini İldırım Mehdiyevə verdi.
İ.Mehdiyev cari ilin birinci yarısında görülən işlər barədə məruzə edərək, ilk öncə hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 210,1 milyon manat dəyərində məhsul istehsal edildiyini, istehlakçılara 212,6 milyon manatlıq məhsul göndərildiyini, 166,4 milyon manat həcmində podrat işlərinin yerinə yetirildiyini, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 123,7 milyon manat həcmində investisiya yönəldildiyini, həmçinin hesabat dövründə rayonda 1370 yeni iş yerinin açıldığını vurğuladı. 2014-cü ilin birinci yarısında rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlərin həyata keçirildiyini, xidmət və təsərrüfat sahələri tərəfindən tabeçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda xeyli işlər görüldüyünü nəzərə çatdırdı.
Millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov ölkədə aparılan uğurlu daxili və xarici siyasətdən söz açaraq ölkəmizin qazandığı nailiyyətlərin göz önündə olduğunu və bunun təməlində düşünülmüş siyasət və sabitliyin dayandığını bildirdilər. Həmçinin cari ilin birinci yarısında rayonda aparılan abadlıq-yenidənqurma işlərindən də söz açdılar.
“Veysəloğlu” MMC-nin direktor müavini Elmir Vəliyev çıxışında 2001-ci ildən fəaliyyətə başlayan “Ulduz” şokolad fabrikinin rayonun sosial-ictimai həyatındakı əhəmiyyətini qeyd edərək, cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin 13 il ərzində istehsal gücünü bir neçə dəfə artırdığını, müasir Avropa avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsulların 23-dən çox ölkəyə istehlak olunduğunu və hər il Almaniya, Rusiya, BƏƏ-də keçirilən nüfuzlu Beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil etdiyini söylədi.
“Azəristiliktəchizat” ASC-nin 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov çıxışında  hesabat dövründə görülən işlərdən söz açaraq, 2014-2015-ci il payız-qış mövsümünə hazırlıqla əlaqədar işlərin davam etdiyini və yeni mövsümdə rayon ərazisində 417 yaşayış binasının, 24 məktəb, 15 uşaq bağçası, 15 səhiyyə və 18  qeyri-yaşayış obyektinin istiliklə təmin olunacağını qeyd etdi.
214 №-li məktəbin direktoru Zümrüd Səmədova çıxış edərək, ilk öncə 1963-cü ildən istifadədə olan məktəbdə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən may ayından təmir işlərinə başlandığını söylədi. O, Təhsil nazirinin əmrinə əsasən məktəbdə “Sağlam Təhsil” layihəsinin fəaliyyətə başladığını, 800-dən artıq şagirdin Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən müayinədən keçdiyini qeyd etdi. Məktəbin təhsil uğurlarından söz açan Z.Səmədova gələcəkdə də təhsil ocağının birincilər sırasında olacağını əminliklə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gimnastika Kompleksinin, onun yanında məşq zalının və köməkçi qurğuların tikintisinin başa çatdırıldığını, 61 nömrəli məktəbin ərazisində süni örtüklü voleybol, basketbol və futbol meydançaları qurulduğunu, eyni zamanda Milli Sağlamlıq Mərkəzinin tikintisinin davam etdirildiyini qeyd etdi. Həmçinin rayonun daxili resursları hesabına Q.Qarayev prospektinin və Ə.Vəliyev küçəsinin bir hissəsinin əsaslı təmir edilərək abadlıq işləri görüldüyünü, hazırda Heydər Əliyev prospektinin səki və yaşıllıq zonasının, Naxçıvanski küçəsində Heydər-bağı park-bulvarın yenidənqurulmasına başlandığını diqqətə çatdırdı. Eyni zamanda “Heydər Əliyev” fondunun təşəbbüsü ilə iki bağçada əlavə korpusun tikintisinə başlandığını bildirdi. Sonda T.Budaqov qarşıda duran vəzifələrin icrası üçün aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tövsiyələrini verdi.

Keçidlər