Nizami rayonunda Vətən müharibəsi şəhidləri Elton Qasımov, İlkin Rzayev və Daşdəmir Paşayevin xatirəsinə ucaldılmış abidənin açılışı olub
05 noyabr 2021-ci il tarixində Nizami rayonunda 250 saylı tam orta məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidləri Elton Qasımov, İlkin Rzayev və Daşdəmir Paşayevin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.
Mərasim iştirakçıları öncə 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar. Sonra məktəbin məzunları olmuş şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq adları verilmiş siniflərə baş çəkilib.
Azərbaycan bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra abidənin açılışı olub.
Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, 250 saylı tam orta məktəbin direktoru Fəzail Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri xatirə lövhəsi qoyulan şəhidlərin döyüş yolundan, şəhid ailələrinə, qazilərə olan dövlət qayğısından bəhs ediblər.
Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Mərasimdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Mərasimə bədii hissə ilə yekun vurulub.