Nizami rayonunda 8 Noyabr – Zəfər Günü qeyd edilib
8 noyabr 2021-ci il tarixində Nizami rayonunda Şəhidlər Xiyabanında Zəfər günü qeyd edilib.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Qərib Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, rayon idarə və təşkilatların, ictimai birliklərin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə torpaqlarımızın işğaldan azad olunması üçün canından keçmiş qəhrəmanların xatirəsinə inşa edilmiş “Şəhidlər bulağı”nın açılış mərasimində iştirak ediblər.
Şəhidlər Xiyabanında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Sonra Nizami rayonundan olan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, həmçinin şəhid ailələri, qazilər, müharibə iştirakçıları bildiriblər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zamanda - 44 gün ərzində möhtəşəm Zəfər qazanılıb.
Qeyd olunub ki, Dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir. Vurğulanıb ki, Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs salıb və şəhidlərimiz, qazilərimiz qanı, canı bahasına Azərbaycan torpaqlarını yağı düşməndən təmizləyib.
Şəhid ailələri, qazilər bir daha onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, dualar oxunub.