Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirilib

26 noyabr 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 26-da 229 №-li tam orta məktəbdə rayonun tam orta məktəblərinin tərbiyə işləri üzrə direktor müavinlərinin, uşaq birliyi rəhbərlərinin və psixoloqların iştirakı ilə “Uşaqlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın 5.3 bəndinin 5.3.9-cu alt bəndinə əsasən tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi  nəzərdə tutulmuşdur. Bugünkü tədbirimiz növbəti maarifləndirmə tədbirlərindən biridir.

B.Hüseynov uşaqlara qarşı zorakılıq hallarına qarşı mübarizə sahəsində rayonda keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr, eyni zamanda bu sahədə mövcud problemlər, həmçinin Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 2020-ci ildə və 2021-ci ilin 9 ayı ərzində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumatlar verib.

Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Mənzər Rzayeva çıxış edərək uşaqlarla bağlı qəbul olunmuş Qanunlardan, digər hüquqi sənədlərdən, habelə Rayon Gənclər və İdman İdarəsi tərəfindən uşaqlara qarşı zorakılıq hallarının qarşısın alınması istiqamətində görülmüş işlərdən məlumatlar verib.

Tədbir iştirakçılarına, həmçinin “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin psixoloqu Xoşqədəm Quliyeva və sosial işçisi Yasin Babullazadə  xidmətin fəaliyyəti barədə geniş məlumatlar veriblər. Onlar qeyd ediblər ki, “Azərbaycan Uşaq Qayn Xətt“ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, UNİSEF VƏ Azesell Telekomun tərəfdaşlığı ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində 2010-cu ildən fəaliyyət göstərir və 2021-ci ildən başlayaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, “Azərbaycan Dəmir Yolları“ QSC və “Baki Metropoıiteni” ASC ilə əməkdaşlığa başlamışdır. Hazırda Xidmətin 116111 əlaqə nömrəsi istifadəyə verilib. “Azərbaycan Uşaq Qaynar Xətt” uşaqlara psixiloji dəstək, məsləhət almaq, öz hiss və emosiyalarını bölüşmək, çətinliklərini aydınlaşdırmaq, psixoloji və hüquqi yardımdan yararlanmaq, müxtəlif  icma əsaslı sosial, təhsil, hüquqi və həmçinin reabilitasiya xidmətlərini yerinə yetirir.

229 nömrəli məktəbin direktoru Vüsalə Məmmədova tədbirin maarifləmdirmə baxımından böyük önəm daşıdığını bildirb və uşaqlara qarşı zorakılıq halları istiqamətində hamılıqla mübarizə aparılmasının zəruriliyini vurğulayıb.

Tədbirdə şagirdlərin ifasında “Bizim hüquqlarımız” adlı kompozisiya nümayiş olunub, həmçinin iştirakçıların sualları cavablandırılıb.

Keçidlər