Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda onlayn formatda tədbir keçirilib

30 noyabr 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 30-da rayonun tam orta məktəblərinin tərbiyə işləri üzrə direktor müavinlərinin, uşaq birliyi rəhbərlərinin, psixoloqların və məktəblər üzrə fəal şagirdlərin, habelə 17 nömrəli Uşaq poliklinikasının həkim pediatrlarının iştirakı ilə “Uşaqların maraqları və onların istəklərinin təmin olunması” mövzusunda onlayn formatda tədbir keçirilib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın 5.4 bəndinin 5.4.2-ci alt bəndinə əsasən uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi və yeni platformaların yaradılması nəzərdə tutulmuşdur. Uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı öz fikirlərini bildirən Bəhman Hüseynov tədbir iştirakçılarını müzakirələrdə fəal iştirak etməyə dəvət edib.

Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mənzər Rzayeva uşaqların maraqları və onların istəklərinin təmin olunması ilə bağlı 2021-ci ildə görülmüş işlər, keçirilmiş tədbirlər, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələri, onlarda uşaqların maraq və istəklərinə uyğun fəaliyyət göstərən dərnək, bölmə və studiyalar barəsində geniş məlumatlar verib. Mənzər Rzayeva bildirib ki, hazırda rayon üzrə fəaliyyət göstərən 3 məktəbdənkənar tərbiyə müəssisəsində 4500-ə yaxın uşaq və yeniyetmə məşğul olur.

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Gülnarə Vəliyeva qeyd edib ki, asudə vaxtın səmərəli təşkili sağlam həyat tərzinin formalaşdırılmasında əsas şərtlərdən biridir. Bu məqsədlə Mərkəzimizdə bütün lazımı şərait vardır. Gülnarə Vəliyeva rəhbəri olduğu “Bacarıqlı əllər” dərnəyi barədə məlumat verib və xüsusilə də vurğulayıb ki, məhz bu dərnək uşaqların istəkləri əsasında açılıb.

 17 nömrəli uşaq poliklinikasının həkim pediatrları Fatma Sarıyeva və Həmidə Quliyeva öz çıxışlarında uşaqların fiziki sağlam böyüməsini önə çəkərək bu sahəyə lazımi diqqətin ayrılmasını bildiriblər. Onlar qeyd ediblər ki, uşaqların sağlamlığına biganə qalmaq olmaz, elə hallar olur ki, valideynlər vaxtında uşaqlarını tibbi müayinədən keçirmirlər, nəyisə gizlətməyə çalışırlar. Bu da sonda  fəsadların yaranmasına səbəb olur. İlk öncə uşaqların sağlamlığı, sonra onların istək və arzularıdır.

Tədbirdə həmçinin Dövlət Gömrük Komitəsinin TİBBİ Xidmət İdarəsinin əməkdaşı Şəhla Mirzəzadə, 210 nömrəli tam orta məktəbin psixoloqu Vüsalə Rəhimova, 201 nömrəli tam orta məktəbin uşaq birliyi rəhbəri Aynur Qasımzadə çıxış edərək bir sıra təkliflərini veriblər.

Tədbirin yekununda uşaqların maraqları və onların istəklərinin təmin olunması istiqamətində bundan sonra da məqsədəmüvafiq işlərin aparılması, müxtəlif məzmunlu maarifləndirici tədbirlərin keçirilməsi qərara alınıb. 

 

 

   

Keçidlər