Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olinmiş tədbir keçirilib

01 dekabr 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi, 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin və 229  №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə 30 noyabr 2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Adım Ələsgərdi, Göyçə mahalım!” adlı tədbir keçirilib.

Tədbiri 229  №-li tam orta məktəbin direktoru Vüsalə Məmmədova açaraq çıxış üçün sözü Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynova verib. Bəhman Hüseynov çıxışında qeyd edib ki, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərancam imzalamış və bu məqsədlə aidiyyəti dövlət qurumlarına geniş tədbirlər planı hazırlayıb həyata keçirilməsi tapşırılmışdır. Bugünkü tədbirimiz də Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunub.

Bəhman Hüseynov qeyd edib ki, xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə göstərilən diqqət, qayğı, zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılmışdır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qərbi Azərbaycan İctimai Birliyi sədrinin birinci müavini, Aşıq Alı və Dədə Ələsgər irsini araşdıran tədqiqatçı jurnalist Qabil Zimistanoğlu çıxışında bildirib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalqın ruhuyla həmahəng əsərləri Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. Böyük sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin təhlükəsizliyini, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırıb və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib.

Azərbaycan Elmlər Akademiyası Folklor İnstitutunun məsul işçisi İlhamə Qəsəbova bildirib ki, Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək.

Tədbirdə Azərbaycanın Əməkdar artisti müğənni Nuriyyə Hüseynova, Əməkdar Mədəniyyət işçiləri aşıq Solmaz Kosayeva, aşıq Bəhmən Göyçəli, gənc aşıq Göyçə Uluyurd Aşıq Ələsgərin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər, həmçinin 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin və 229  №-li tam orta məktəbin birgə hazırladıqları “Ələsgərəm hər elmdən halıyam...” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər