Nizami rayonunda “Sağlam həyat tərzini seçirik, zərərli vərdişlərə yox deyirik!” mövzusunda tədbir keçirilib
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyası 2021-ci il iş planına uyğun olaraq 09 dekabr 2021-ci il tarixində Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam həyat tərzini seçirik, zərərli vərdişlərə yox deyirik!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, 17 saylı Uşaq poliklinikasının baş həkimi Gülər Paşayeva, liseyin həkimi Həmidə Ələfsərova və liseyin direktor müavini Aslan Ağakişiyev çıxış edərək zərərli vərdişlərin ağır fəsadları, xüsusilə də ən ağır zərərli vərdiş hesab olunan narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz yaralar barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı vurğulanıb və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmağın zəruriliyi önə çəkilib.
Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şagirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Tədbirin sonunda narkomanlıq, tütünçəkmə və alkoqolizm kimi zərərli vərdişlərdən bəhs edən video-çarxlar nümayiş olunub.