Nizami rayonunda Vətən müharibəsi şəhidi Anar Qumaşovun anım günü qeyd olunub
4 dekabr 2021-ci il tarixində Nizami rayonunda Vətən müharibəsi şəhidi Qumaşov Anar Saleh oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Rayon İcra Hakimiyyətinin, Nizami və Keşlə bələdiyyələrinin, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayıblar. Şəhid Anar Qumaşov kimi qəhrəman övlad böyütdüklərinə görə onun valideyninə, əzizlərinə təşəkkür ediblər.
Qeyd olunub ki, Anar Qumaşov Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.
Sonra Vətən müharibəsi şəhidi Anar Qumaşovun ruhuna dualar oxunub, məzarı üzərinə əklil, tər gül-çiçək dəstələri düzülüb.
Daha sonra digər şəhidlərin ailə üzvləri ilə də görüş keçirilib, söhbət aparılıb.