Nizami rayonunda “Şəhid bulağı”nın açılışı olub
9 dekabr 2021-ci il tarixində Nizami rayonunda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalan Əliyev Denis Aleksandroviçin xatirəsinə tikilmiş “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Rus İcmasının rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Keşlə məscidinin axundu Sirac Səfərov, həmçinin şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları öncə Keşlədə yerləşən Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər, dualar oxuyub, xatirəsinə ehtiramını bildiriblər.
Sonra “Şəhid bulağı”nın açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Əliyev Denis Aleksandroviçin qəhrəmanlıqlarından danışıblar.
Şəhid Əliyev Denis Aleksandroviçin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Əliyev Denis Aleksandroviç Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid ailəli idi, bir qızı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Əliyev Denis Aleksandroviç ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.