Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda növbəti tədbir keçirilib

08 dekabr 2021 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Rayon Polis İdarəsi ilə birgə 2021-ci il 8 dekabr 2021-ci il tarixində 201 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə "Narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda tədbir keçirilib.

201 №-li tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nəriman Vəliyev tədbirin keçirilməsinin əsas məqsədinin şagirdləri narkomaniya və erkən nikahın fəsadları barədə məlumatlandırmaq, bu xəstəliyin cəmiyyətdə yaratdığı problemlər haqqında maarifləndirmə işləri aparmaq və gənclərin sağlamlığını ön plana çəkməkdən ibarət olduğunu bildirib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Rayon İcra hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Ağayev, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ziya Əliyev şagirdləri narkomaniya xəstəliyindən uzaq olmağa, onları Azərbaycanın sosial yüksəlişi, parlaq gələcəyi naminə gənc nəslin nümayəndəsi olaraq sağlamlıqlarını qorumağa və pis vərdişlərdən çəkinməyə çağırıblar.

Rayon Polis İdarəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Zaur İsayev, Rayon Polis İdarəsi PİTB-nin rəisi, polis mayoru Natiq Yusifov, Rayon Polis İdarəsinin 23-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Emin Cələbiyev, Rayon Polis İdarəsinin 23-cü PŞ-nin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis kapitanı Könül Quliyeva çıxışlarında tədbirin keçirilməsinin əhəmiyyətindən və dövlətin narkomaniyaya qarşı mübarizə sahəsində apardığı işlərdən söz açıblar. Natiqlər gənclərin narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər və maarifləndirmə istiqamətdə aparılan işlərdən danışıblar.

201 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnurə Ramazanova və məktəbin psixoloqu Dürdanə Balaoğlanova Azərbaycanda ailə institutunun formalaşmasının  və inkişafının dövlətin daim diqqət mərkəzində olduğunu söyləyərək, ailənin xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və gələcək nəsillərə ötürücüsü kimi cəmiyyətimizdə mühüm rol oynadığını bildiriblər.

Natiqlər erkən nikaha daxil olmanın cəmiyyətin inkişafına əngəl törətdiyini və milli genofondumuza mənfi təsir göstərdiyini,  təhsil almaq həvəsini və imkanlarını azaltdığını, eyni zamanda, reproduktiv sağlamlığa ciddi təsir göstərərək həm azyaşlı anaya, həm də uşağa ciddi təhlükə yaratdığını, həmçinin bu cür ailələrdə boşanma hallarına daha çox təsadüf edildiyini qeyd ediblər.  

Tədbirin sonunda narkomaniya və erkən nikahlarla  bağlı videoçarx nümayiş olunub və keçirilmiş diskussiyalarda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər