Nizami rayonunda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olinmiş tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi, 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin və 229 №-li tam orta məktəbin birgə təşkilatçılığı ilə 15 dekabr 2021-ci il tarixində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Günəşə ucalan şair” adlı tədbir keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov açaraq bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Ötən müddət ərzində rayonda yubileylə bağlı müxtəlif məzmunlu tədbirlər keçirilib. Bugünkü tədbir də Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
Bəhman Hüseynov çıxışında qeyd edib ki, bu gün Nizami şöhrətinin, Nizami qüdrətinin qol-qanad açmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu öndər hər zaman şairin ölməz sənətinə, dünyanı bürüyən əbədi şöhrətinə çox yüksək qiymət verərək, dahi söz ustasının irsinin geniş təbliğini, onun yubileylərinin müntəzəm surətdə keçirilməsini tövsiyə edirdi. Ümummilli lider Heydər Əliyev müxtəlif vaxtlarda şairin yubileylərinin keçirilməsi, ədəbi irsinin öyrənilməsi, əsərlərinin kütləvi nəşri barədə sərəncamlar imzalayıb, ədəbi ictimaiyyətin diqqətini xalqımızın bu müdrik oğlunun şəxsiyyətinə, sənət aləminə daha yaxından cəlb edib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci və 4 yanvar 1978-ci illərdə “Nizami məqbərəsinin qorunması”, 1 yanvar 1979-cu ildə “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında”, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olub. “Nizami” filminin çəkilməsi, “Xəmsə” kompleks abidələrinin ucaldılması, Nizami məqbərəsinin təmiri və qorunması, “Xəmsə”nin yeni tərcümə və nəfis tərtibdə nəşr edilməsi, dünyanın bir çox şəhərlərində Nizami heykəllərinin ucaldılması, Bakı Metropoliteninin stansiyalarından birinə “Nizami” adının verilməsi və digər tədbirlər Heydər Əliyevin dahi Azərbaycan şairinə olan diqqət və qayğısının bariz nümunəsidir. Onu da qeyd edək ki, mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi hazırda uğurla fəaliyyət göstərməkdədir. Nizami, xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olub. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il YUNESCO tərəfindən “Nizami ili” elan edilib.
Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölməz Nizami irsinə xüsusi ehtiram bəsləyir, onun təbliğinə həmişə böyük həssaslıqla yanaşır. Cənab İlham Əliyevin böyük mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi şairin irsinə ehtiramın daha bir bariz ifadəsidir. Sərəncam bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiymətidir.
Azərbaycanın Əməkdar mədəniyyət və incəsənət xadimi Aqil Məlikov qeyd edib ki, insanın əxlaqi saflığı uğrunda mübarizə aparan Nizami Gəncəvi bütün əsərlərində bu işə xidmət edən dahiyanə fikir və ideyalar söyləmişdir. Ondan sonra gələn böyük şair və yazıçıların, filosof və pedaqoqların demək olar ki, əksəriyyəti həmin fikir və ideyalardan bəhrələnmiş, onları daha da inkişaf etdirmişlər.
Nizaminin əxlaq və əxlaq tərbiyəsi ilə bağlı dəyərli fikir və ideyaları, hikmətli sözləri neçə - neçə nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynamış və bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Bakı Bələdiyyə teatrının aktyoru, Əməkdar artist Əhəd Salahov çıxışında vurğulayıb ki, Nizami Gəncəvi yaradıcılığında ata-anaya hörmət birinci yerdə dayanır. Xalqımızın yüksək insanpərvərliyini göstərən milli-mənəvi dəyərlərimizdən biri ata-anaya, övladlara hörmət və məhəbbətdir. Bu kimi dəyəri yüksək qiymətləndirən şair bütün poemalarında insanpərvərliyin parlaq nümunəsi kimi valideyn-övlad münasibətlərindəki qarşılıqlı məhəbbəti, hörməti dönə-dönə tərənnüm etmiş, gənc nəsli bu yolla tərbiyə etməyə çalışmışdır .
Azərbaycan Respublikasının Xalq artisti Həmidə Ömərova tədbir iştirakçılarına Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Nizami” filminin çəkilməsi barədə geniş məlumatlar verib. Həmidə Ömərova bildirib ki, bu film Ulu Öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və hərtərəfli köməkliyi sayəsində çəkilib.
Tədbirin sonunda Nizaminin qəzəllərindən parçalar səslənib, mahnılar və romanslar ifa edilib, həmçinin 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin və 229 №-li tam orta məktəbin birgə hazırladıqları adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.