Nizami rayonunda “Zərərli vərdişlərdən özümüzü qorumalı!” mövzusunda maarifləndirici tədbir keçirilib
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2021-ci il iş planına uyğun olaraq dekabr ayının 17-də 109 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Zərərli vərdişlərdən özümüzü qorumalı!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Rayon Polis İdarəsinin rəisi, polis polkovnik Ziya Əliyev, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis polkovnik leytenantı Kəmalə Ələkbərova, 24-cü Polis şöbəsinin əməkdaşı, polis baş leytenantı Xədicə Hüseynova və məktəbin direktoru Gülnarə Bədəlova çıxış edərək zərərli vərdişlərin, xüsusilə də narkomaniyanın ağır fəsadları, onun insan sağlamlığına vurduğu sağalmaz yaraları barədə tədbir iştirakçılarına geniş məlumatlar veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmağın zəruriliyi önə çəkilib.
Çıxış edənlər onu da qeyd ediblər ki, narkomanlıq, tütünçəkmə və alkoqolizm sağlamlığımızın əsil düşmənləridir və mövcud olan belə düşmənlərlə hamılıqla amansız və güzəştsiz mübarizə aparmalıyıq.
Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Tədbirin sonunda zərərli vərdişlər və onların ağır fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olunub, şagirdlərin hazırladıqları səhnəcik göstərilib.