Nizami rayonunda Vətən müharibəsi şəhidi mayor İlkin Rzayevin anım günü qeyd olunub
18 dekabr 2021-ci il tarixində Nizami rayonunda Vətən müharibəsi şəhidi mayor Rzayev İlkin Cəfər oğlunun anım günü qeyd olunub. Anım günü ilə əlaqədar Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, "Missiya" media qrupunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Mərasimdə mayor İlkin Rzayevin Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi və qəhrəmancasına şəhid olduğu bildirilib. İlkin Rzayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif edilib.
Mərasimdə çıxış edənlər Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, bütün hərbçilərimizə, qazilərimizə möhkəm cansağlığı, şəfa arzulayıblar.
Sonda Vətən müharibəsi şəhidi İlkin Rzayevin ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, gül-çiçək dəstələri düzülüb.